17:28 10-11-2021
news_image

Dünya çempionatına qatılacaq karateçilərimizin adları açıqlandı

Karate üzrə Azərbaycan milli komandalarının dünya çempionatında iştirak edəcək.

Apasport.az Azərbaycan Milli Karate Federasiyasının saytına istinadən xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunacaq mundialda 22 karateçimiz iştirak edəcək.

Federasiya prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi heyət noyabrın 12-də Asiya ölkəsinə yollanacaq. Qurban Tağıyevin baş məşqçisi olduğu kişilərdən ibarət kumite milli komandasında Əminağa Quliyev (60 kq), Tural Ağalarzadə (67 kq), Rafael Ağayev (75 kq), Pənah Abdullayev (84 kq) və Asiman Qurbanlını (+84 kq) tatami üzərinə çıxacaq. Komanda yarışlarında Turqut Həsənov, Rafiz Həsənov və Tural Ələkbərli də onlara qoşulacaq. Analoji yarışda Ağalarzadə, Ağayev, Abdullayev və Qurbanlı da mübarizə aparacaq.

Qadınlardan ibarət komandanın baş məşqçisi Denis Morozov Nuranə Əliyeva (50 kq), İlahə Qasımova (55 kq), Ayla Rzazadə (61 kq), İrina Zaretska (68 kq) və Fəridə Əliyevaya (+68 kq) şans verib. Onlardan dördü – Nuranə, İlahə Qasımova, İrina və Fəridə komanda yarışlarında da qüvvəsini sınayacaq. 

Kata üzrə baş məşqçi Vahid Ayvazovun rəhbərliyi ilə Roman Heydərov fərdi yarışlara, İsmayıl Quliyev, Tural Balcanlı və Rövşən Əliyev komanda çıxışlarına qatılacaq. 5 idmançımız - Eldar Əhmədov, Sahib Əhədov, Ülvi Zeynallı, Lazım Allahverdiyev və Emiliya Mitilinova isə para-karate çempionatında mübarizə aparacaq.

Qeyd edək ki, noyabrın 16-21-də keçiriləcək 25-ci dünya çempionatına 117 ölkədən 1054 karateçi, ayın 21-də baş tutacaq para-karate üzrə dünya çempionatına isə 21 dövlətdən 81 idmançı qatılacaq.