22:26 10-11-2021
news_image
322
FUTBOL

"Səhvlərdən nəticə çıxarıb gələcəyə baxmaq mütləqdir" - Tahir Süleymanov yazır

Futbolumuzda tənəzzül dövrüdür. Bunun fəsadlarını ölkə futbolu çəkməkdədir. Durğunluq o qədər özünü biruzə verib ki, "Keşlə"nin Şamaxıya köçürülməsi futbol ictimaiyyəti arasında böyük əks-səda doğurub. Müxtəlif fikirlər, yanaşmalar var. Bu da təsadüfi deyil, futbol idarəçiliyinə inam aşağı səviyyədədir. İnam olmayanda, hətta istənilən müsbət addım belə şübhələrə səbəb olur.

Ümumi, bölgə futbolu ilə bağlı planlı strategiya illər öncə qurulmalıydı. Azərbaycan futbolunda fantastik şərait yaradılmışdı. Qısa müddətdə Yevlax, İmişli, Lənkəran, Qəbələ, Zaqatalada müasir stadionlar inşa edildi, iddialı klublar yaradıldı, Tovuz arenasında yenidənqurma işləri görüldü. Tribunaları 10 minlərlə azarkeş doldururdu, futbolun sabahına ümid yaranmışdı. Çempionatda rəqabət, səviyyə günü-gündən artırdı. Digər futbol şəhərlərimiz həvəslə öz növbələrini gözləyirdilər. Oxşar proses paytaxtda da yaşanırdı. "Bakı" klubu infastruktur, uşaq futbolu adına ciddi işlər görürdü. Dövlət, AFFA, klublar xətti ilə Bayıl, 8-ci km, Mərdəkan, Zirə, Masazırda tələblərə cavab verən müasir stadionlar ərsəyə gəlirdi.  Təəssüf ki, istər federasiya, istərsə əksər klublardakı idarəçilik problemlərinə görə komandalar qısa müddətdə dağılmağa başladı, bir çoxu tarixin yaddaşına köçdü. Vaxtilə  bildirmişik, paytaxtda bu qədər kluba ehtiyac yoxuydu. Hətta "Muğan" da futbolun "strateji" xəttinə uyğun Salyandan Bakıya köç edib "Rəvan" oldu. Ardınca "Zirə", "Səbail", "Sabah"... Azərbaycan çempionatı "Bakı birinciliyi" ilə əvəzləndi. Ürəkaçan mənzərə deyil. Bu illər ərzində ayrılan vəsaitlə indiki bir çox klubların büdcəsinə uyğun bölgələrimizdə 40-50 il ərzində klublar fəaliyyət göstərə bilərdi. Zaman itirildi, müasir stadionlar böyük futbolsuz qaldı, "Bakı"nın bazası söküldü.

Nə qədər acınacaqlı olsa da, günümüzdə olan durum belədir. Gec də olsa, dünənin səhvlərindən nəticə çıxarıb gələcəyə baxmaq mütləqdir, yoxsa minimum 5-10 il də itiriləcək. Hazırkı vəziyyətdə onsuz da futbola vəsaiti böyük ölçüdə dövlət təmin edir. Futbolda dönüş yaradılmasının vaxtı çoxdan yetişib. AFFA, nazirlik, futbol ictimaiyyəti, media geniş müzakirələr aparıb yeni futbol xəritəsi hazırlamalıdır. İnfrastrukturu olan şəhər və rayonlarda köklü klublar bərpa edilməli, futbol ənənələrinə sahib Gəncə, Masallı, Qazax, Şəmkir, Bərdə, Qusar, Şirvan, Sabirabad, Qax və digər bölgələrimizdə stadionlar yenidən qurulmalıdır. Futbola baxış dəyişərsə, qısa zaman kəsiyində ölkədə bütün regionları əhatə edən 3-4 liqanın yaradılması mümkündür.
Tək "Keşlə" deyil, paytaxtın "Səbail" kimi klublarına ayrılan vəsait bölgələrə yönəldilməli, köçürülməlidir.

"Keşlə"nin Şamaxıya göndərilməsi yox, vaxtilə güclülər dəstəsində çıxış etmiş yerli "Şirvan" komandası ilə birləşdirilməsi daha məqsədəuyğundur. Belədə həm futbol ənənələri qorunar, həm də UEFA qarşısında sənədləşmə tələbləri varislik baxımından yüngülləşə bilər. Bakıda yerləşən stadionlarda ən uyğunu akademiyaların yaradılmasıdır. Əhali sayı buna imkan verir. Mütləq deyil ki, paytaxt komandalarının hamısı Premyer Liqada çıxış etsin, akademiyada yetişən futbolçularla Divizionda da oynamaq, gələcək futbolçu nəsli hazırlamaq olar. Yetər ki, istək olsun, düzgün işlər görülsün. Bölgəyə istiqamət tək bir komandayla olmamalıdır, böyük futbolun regionlara dönüşünün ilk addımı olmalıdır. Görüntü xarakterli deyil, planlı işlər görülsə, futbola inam qayıdar, tribunalar yenidən dolar,  istedadlar yetişər, çempionatda rəqabət, keyfiyyət yüksələr, millinin, yaş qrupları üzrə yığmaların da nəticələri yaxşılaşar, Azərbaycan futbolu layiq olduğu yerlərə gələr.

Tahir Süleymanov