09:57 11-11-2021
news_image
1006
FUTBOL

Ən böyük derbi tarixin yaddaşına köçür – YALNIZ BİZDƏ

Azərbaycan çempionatları tarixinin ən böyük derbisi tarixin yaddaşına köçür.

Apasport.az saytının məlumatına görə, indiyədək eyni şəhər təmsilçiləri arasında ən çox keçirilən derbi “Neftçi” və “Keşlə” arasında olub.

İki klub arasında görüşlər 1999-2021-ci illərdə bu statusa malik olub. Rəqiblər 68 dəfə Bakı derbisinə çıxıblar. “Neftçi”dən fərqli rəqibi müxtəlif adlarla – “Xəzər Universiteti”, “İnter” və “Keşlə” kimi meydana çıxıb.

2022-ci ildən bu klublar arasında matçlar derbi sayılmayacaq. Buna səbəb “Keşlə”nin Bakıdan Şamaxıya köçməsidir. Adını da dəyişəcək klubun “Şamaxı” kimi derbiyə çıxması üçün gərək şəhərin ikinci komandası, məsələn kökü SSRİ dövrünə qədər uzanan “Şirvan” bərpa olunmalı və Premyer Liqaya qədər yüksəlməlidir.

Bu da o deməkdir ki, bir neçə gün əvvəl baş tutan X turun “Keşlə” – “Neftçi” qarşılaşması rəqiblərin son derbi matçı olub. Həmin qarşılaşmada qəsəbə klubu 3:2 hesabı ilə qalib gəlib.

Ümumilikdə isə 68 derbidə “Neftçi” 37, “Keşlə” 16 qələbəyə sevinibsə, 15 dəfə komandalar hərəyə 1 xal qazanıb. Top fərqi də “ağ-qaralar”ən xeyrinədir – 108-66. 

XVI turun fevralın 16-da keçiriləcək “Neftçi” – “Şamaxı” rəqiblərin 69-cu dueli olacaq. Bu görüş ilk dəfə derbi xarakteri daşımayacaq.

Qeyd edək ki, ölkə çempionatları tarixində “Neftçi” – “Kəpəz” və “Neftçi” – “Qarabağ” qarşılaşmaları da şərti olaraq Azərbaycan derbiləri adlandırılsa da, heç biri eyni şəhər təmsilçilərinin qarşıdurması olmayıb.