10:36 11-11-2021
news_image
110
FUTBOL

Premyer Liqada üç il yarımdan sonra tarazlıq

Azərbaycan Premyer Liqasında paytaxt klublarının payı yarıya enəcək.

Apasport.az saytının məlumatına görə, 2022-ci ildən çempionatdakı 8 komandadan 4-ü Bakını, 4-ü paytaxtdan kənarı təmsil edəcək.

Bu, “Keşlə”nin Şamaxıya köçməsi ilə əlaqədardır. Qəsəbə təmsilçisi “Şamaxı” olduqdan sonra paytaxt və qeyri-paytaxt klublarının sayında tarazlıq yaranacaq.

“Neftçi”, “Zirə”, “Səbail” və “Sabah” Premyer Liqadakı Bakı klubları kimi qalacaq. “Qarabağ”, “Qəbələ” və “Sumqayıt”a “Şamaxı” da qoşulacaq.

Premyer Liqada paytaxt klublarının 50 faizdən çox olmamasına sonuncu dəfə 2017/18 mövsümündə rast gəlinib. Həmin vaxt 8 iştirakçıdan dördü - “Neftçi”, “Zirə”, “Səbail” və “Keşlə” Bakını təmsil edib. İndi də elitada oynayan “Qarabağ”, “Qəbələ” və “Sumqayıt” kimi “Kəpəz” də qüvvəsini güclülər sırasında sınayıb. Gəncə təmsilçisinin I diviziona yuvarlanmasından 3,5 il sonra nisbət tarazlaşır.