23:25 11-11-2021
news_image
199
FUTBOL

Bakıda məğlub olduğumuz Lüksemburqun baş məşqçisi: “Oyunumuzdan razı qalmadım”

“Bu gün sürprizlə qarşılaşmadıq. Çünki Azərbaycana qarşı iki ay əvvəl oynamışdıq”.

Apasport.az saytının məlumatına görə, bunu Lüksemburq yığmasının baş məşqçisi Lük Holts DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan millisinə qarşı keçirilən oyundan sonra deyib.

Bakı Olimpiya Stadionunda millimizin qonağı olan lüksemburqlular meydanı 3:1 hesablı qələbə ilə tərk edib.

Oyunsonrası mətbuat konfransında Holtsun qalibiyyət şərhi belə olub: “Rəqibin yaxşı oyunçuları var. Düzü, qırmızı vərəqə də öz sözünü dedi. Amma komandamın performansından razı qalmadım. Xüsusən də, qırmızı vərəqədən birinci qola qədər yaxşı çıxış etmədik”.

- Uzun müddətdir millinin baş məşqçisisiniz. Lüksemburq yığmasının bu inkişafının, seçmə mərhələdə 9 xal toplamasının və Azərbaycanı qabaqlamasının sirri nədir? Yəni Azərbaycan millisinin inkişafı üçün nə lazımdır?
- Bunu sizə demək, hansısa tövsiyə vermək mənə yaraşmaz. Kifayət qədər məşqçilər var. Hər kəsin vizyonu var. Biz sadəcə, futbol fəlsəfəsini dəyişməyə çalışdıq. Əvvəllər müdafiədən oynamaq, çox risk almamağa çalışdıq. Amma bunu dəyişdik. Komanda artıq yüksək səviyyədə pressinq edir, topa sahib olanda hücum futbolu göstərir. Düşünürəm ki, bu səviyyəyə gəlməyimizdə bunun rolu oldu.

- “Şerif”in heyətində yaxşı oyunu ilə diqqət çəkən Sebastyan Till bu gün meydana sonradan daxil oldu. Onun ehtiyatdan başlamasının xüsusi səbəbi var idi?
- Yarımmüdafiə xəttimizdə güclü oyunçularımız çoxdur. Üstəlik, futbolçularımız son vaxtlar çox oyun keçiriblər. Oyunçuların bərpası üçün belə qərar qəbul etdik.