13:00 12-11-2021
news_image
1009
FUTBOL

Millimizin sabiq futbolçusu: “Artıq bizə “cırtdan” komanda deyirlər”

“Oyundan əvvəl də yığmamızın qələbəsinə inanmırdım. Düşünürdüm ki, ən yaxşı halda heç-heçə edə bilərik”.

Bunu apasport.az saytına açıqlamasında Azərbaycan millisinin sabiq hücumçusu Kənan Kərimov DÇ-2022-nin seçmə mərhələsində Lüksemburqla dünən keçirilən oyunu dəyərləndirərkən deyib.

Yığmamızın Bakı Olimpiya Stadionunda 1:3 hesablı məğlubiyyətinə münasibət bildirən “Karvan”ın baş məşqçisi Lüksemburqun bizdən daha yaxşı komanda olduğunu söyləyib: “Qrupda, onsuz da, heç bir iddiamız yox idi. Hələ Lüksemburqla oyundan əvvəl sonuncu yeri təmin etdiyimiz dəqiq idi. Artıq Lüksemburq kimi komanda da bizə görə güclü rəqib sayılır. Elə oyun da, nəticə də bunu bir daha sübut etdi”.

Kərimov Azərbaycan futbolunun gerilədiyini, millimizin rəqiblər üçün qapazaltıya çevrildiyini düşünür: “Futbolumuz 20 il geri düşüb, ildən-ilə də geriləyir. Bütün ölkələrdə futbol inkişaf edir, təkcə bizdən başqa. Vaxtilə bəzi komandalara “cırtdan” deyirdik. Ancaq indi bizim öz millimizə “cırtdan” komanda deyirlər. Gedişat heç də yaxşı gələcək vəd etmir. Futbolumuzda böyük dəyişikliklərə ehtiyac var”.

45 yaşlı mütəxəssis AFFA ilə müqavilə müddəti başa çatmaq üzrə olan baş məşqçi Canni de Byazinin əvəzinə yerli mütəxəssis təyin etməyin tərəfdarıdır: “De Byazinin yerinə istəyirlər türkiyəli gətirsinlər, istəyirlər qeyri-millət nümayəndəsini, heç nə dəyişməyəcək. Bizim özümüzün futbolçularla işləyə biləcək kifayət qədər bacarıqlı məşqçilərimiz var. Guya indiyə qədər gələn əcnəbilər hansı dəyişikliklərə nail olublar? Çamadanlarını pulla doldurub gediblər”.

Qeyd edək ki, Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsini 1 xalla qrup sonuncusu kimi başa vurub.