14:30 14-11-2021
news_image
704
FUTBOL

Kənan Kərimov: “Karvan” da olmaqla, çox komanda mövsümün sonunu görməyəcək” - MÜSAHİBƏ

Region Liqasında çıxış edən “Karvan”ın baş məşqçisi Kənan Kərimovun apasport.az saytına müsahibəsi

- Region Liqasında yeni mövsüm start götürməsinə baxmayaraq, əksər komandalar maliyyə problemindən şikayətlənir. “Karvan”ın durumu necədir?
- “Karvan”ı çox böyük çətinliklə yaratmışam. Amma bir nəfər də gəlib maraqlanmayıb. Sağ olsunlar, ətrafımda olan dost-tanışlar dəstək verir. Amma bu da çətinliyi aradan qaldırmır. Sponsor olmadığı zaman komanda saxlamaq çətinləşir.

- Maliyyə ilə bağlı harasa müraciət etmisiniz?
- Bəli, lazımi qurumların hamısına müraciət etmişəm. Hətta icra nümayəndəliyinə də məlumat vermişəm. Hələ ki, bir xəbər yoxdur. Bütün yük mənim üzərimdədir.

- Belə vəziyyətdə futbolçuları oyunlara hazırlamaq, məşq keçmək çətin deyil?
- Dediyim kimi, dostlarımın hərəsi bir tərəfdən gücü çatan qədər köməklik göstərir. Birtəhər bu yükü daşıyırıq. Ancaq belə davam etməməlidir. AFFA bəzi komandalarla maraqlanır, onlara dəstək verir. Bizə də heç olmasa yol xərcində kömək eləsələr, yaxşı olar.

- Region Liqasında bir çox komandanın durumu bənzərdir. Mövsümün sonuna qədər tab gətirmək çətin olmayacaq?
- Bu turnirdə cəmi 1-2 komandanın sponsoru var. Digərlərinin hamısı eyni vəziyyətdədir. Bu gedişlə içində də “Karvan” olmaqla, çox komanda mövsümün sonunu görə bilməyəcək. Düzdür, uşaqlar çətinlikləri başa düşürlər. Ancaq axıra qədər belə davam edə bilməz. Axı hərəsi bir ailə başçısıdır. Evindən çörək pulu qazanmaq üçün çıxırlar. Onlara pul verə bilmədiyim üçün çoxu məşqlərdə iştirak edə bilmir. Çünki hərəsi bir yerdə işləyir, ailəsinə çörək pulu qazanmağa çalışır.

- Səfər oyununa gedəndə yol xərcini necə qarşılayırsınız?
- Bir yaxın dostumun şəhərarası işləyən avtobusları var. Birinci turda Ağstafa ilə səfər oyununa bizə avtobus ayırdı. Çətinliklərimizi görüb bu yükü öz boynuna götürdü. Gənclər Evinin müdiri Elgün müəllim də yaxın dostumuzdur, lazım olan dəstəyi artıqlaması ilə edir.

- AFFA-dan hansısa dəstək olub?
- Heç bir dəstək almırıq. Heç maraqlanmırlar ki, görək, “Karvan” niyə yaranıb? Qısa zamanda onlara da müraciət edəcəyəm ki, bir az dəstək olsunlar. Çox ağır işin altına girmişəm.

- Komandanı forma ilə AFFA təmin etməyib?
- Onsuz da, inventar tərəfindən bütün komandalar forma ilə təmin olunub. Söhbət maliyyədən gedir. Forma hər şey demək deyil. Maliyyə olduqdan sonra forma almaq böyük problem deyil. Sağ olsunlar, forma da olsa veriblər. Naşükürlük etmirəm. Amma maliyyə dəstəyi olmasa, bu işin davamı çətindir.

- “Cəbrayıl”ın baş məşqçisi Cavid Hüseynov Region Liqası ilə Premyer Liqa arasında ciddi səviyyə fərqi olmadığını düşünür. Siz bu fikirlə razısınız?
- Cavidin fikirlərinə şərikəm, düz vurğulayıb. Burada Premyer Liqada oynaya biləcək futbolçular var. Həm də azarkeş dəstəyi Region Liqasında daha yaxşıdır. Bilirsiniz, Region Liqası baş aldatmaq üçündür. Həvəskar yarışdır, buna çempionat demək olmaz. Futbolumuz daş dövrünə qayıdıb.

- Əgər belədirsə, Region Liqası Azərbaycan futbolunda nəyə xidmət edir?
- Heç nəyə xidmət eləmir. Yəqin UEFA tərəfindən federasiyalara tələb qoyulub ki, 3-4 liqanız olmalıdır. Bizimkilər də onlara göstərmək üçün Premyer Liqa ilə yanaşı, birinci divizion və Region Liqasını yaradıblar. Ad olsun ki, belə bir çempionat var. Regionlarda futbol yoxdursa, Azərbaycanda futboldan danışmağa dəyməz. Onsuz da, son illər futbolumuzun hansı səviyyəyə düşdüyünü hamı görür. Yenə də “Qarabağ” sağ olsun, üzümüzü təkcə onlar ağ edirlər. “Qarabağ”ın avrokuboklardakı uğurlarını misal çəkib deyirlər ki, Azərbaycanda futbol var. Amma səhv fikirləşirlər. “Qarabağ”ın indiki gücü Azərbaycan futbolunun inkişafı demək deyil. Orada səviyyəli əcnəbilər və üzdə olan yerli futbolçular var.

- Sizin futbolçu vaxtınızda da həvəskarlar arasında turnirlər keçirilərdi. Həmin dönəmlə indiki Region Liqasını müqayisə etsəniz, hansı qənaətə gələrsiniz?
- Bunu müqayisə etmək yersizdir. İndiki Region Liqası daha səviyyəlidir. Səbəbini də deyim. İndi həm Premyer Liqada, həm də birinci divizionda klub sayı azdır, üstəlik, limit qoyulub. Uşaqlar da məcburiyyətdən gəlib Region Liqasında oynayırlar. O vaxt isə yüksək liqada klub sayı çox idi, səviyyəli oyunçular orada çıxış edirdilər. Zəiflər həvəskarlar liqasında günlərini keçirirdilər. İndi limit və komanda sayı ilə əlaqədar yaxşı oyunçular Region Liqasında ümidlə oynayırlar.