16:10 14-11-2021
news_image
260
FUTBOL

De Byazinin qiyməti - “2”

Azərbaycan millisi 2021-ci ildə son matçını keçirəcək.

Apasport.az saytının məlumatına görə, Qətərlə yoldaşlıq oyunu baş məşqçi Canni de Byazi üçün də böyük ehtimalla son sınaq olacaq.

Müqaviləsi başa çatan italiyalının vəzifəsində saxlanılacağı inandırıcı görünmür. De Byazili yığmanın nəticələri də belə deməyə əsas verir.

Bu gün Bakı Olimpiya Stadionunda təşkil olunacaq qarşılaşma onun millimizdə 20-ci sınağı olacaq. Əvvəlki 19 qarşılaşmada yığmamız 2 qələbə qazanıb. Bu göstərici onun işinin də “2”yə layiq olduğuna bir işarədir.

Yubiley matçınadək 5 heç-heçə ilə də təsəlli tapan legioner mütəxəssis artıq 12 məğlubiyyətin acısını yaşayıb. Komandamız Qətərə uduzsa və De Byazi ilə müqavilə yenilənməsə, 13-cü həqiqətən də onun üçün nəhs sayılacaq. Millimiz bu 19 oyunda 11 qol vurub və 28-ni buraxıb.

Əvvəlki 19 matçdan 14-ü rəsmi xarakterli olub. Millətlər Liqasında 6, DÇ-2022-nin seçmə mərhələsində 8 görüş baş tutub. Yalnız 1 qələbəsi olan yığma 4 heç-heçə edib və 9 dəfə meydanı başıaşağı tərk edib. 7 xal toplayan komanda elə 7 qol vursa da, bu “7”lər De Byaziyə xoşbəxtlik vəd etmir. Onun yetirmələri vurulanın üçqatından da artıq – 22 qol buraxıb.

Qeyd edək ki, Azərbaycan – Qətər oyunu saat 21:00-da başlayacaq.