15:26 12-11-2021
news_image
251
FUTBOL

Milliləşdirilmiş sabiq futbolçumuz: "Bəs o qədər pullar, milyonlar? Qurtardı?" - MÜSAHİBƏ

2005-ci ildə Superliqadan Azərbaycan çempionatına gələn Ernani Pereyra Türkiyə çempionatını yaxından izləyənlərə yaxşı tanış idi.

Apasport.az saytının məlumatına görə, “Konyaspor”un əsas siması olmasa da, ara-sıra şans qazanmaqla iki mövsümdə meydana çıxdığı 24 matçda 1 qol vurmağı bacarmışdı.

Braziliyalı müdafiəçi 2005-ci ilin yayında Fuat Yamanın istəyi ilə Türkiyədən Azərbaycana köç etdi. Və həmin gündən ölkəmizdə - “Karvan”da möhkəmlənməyi bacardı. Komandanın əsas parçasına çevrildi, millinin formasını geyinməyə razılıq verdi və beləcə, ömrünün 5 ilini Azərbaycanda keçirdi.

2010-cu ildə Yevlaxı tərk edən Ernanidən də xeyli vaxt idi səs-soraq yox idi. Braziliyada apardığımız axtarışlar nəticəsində sabiq yığma üzvünü futbolda yox, başqa sahədə tapdıq.

Harda? Ən yaxşısı, öz dilindən eşidək.

- Salam, Ernani. Necəsən? İşlərin necə gedir?
- Salam, dostum, salam. Yaxşıyam, hər şey qaydasındadır. Sən necəsən? Azərbaycanda vəziyyət necədir?

- Səsin yaxşı gəlmir. Bir az ucadan danışa bilərsən?
- Mən indi işdəyəm. Burda rahat danışmaq olmur, həm də işçilərin yanında telefonla danışmağım doğru deyil. 3-4 saatdan sonra zəng edə bilərsən?

(5 saatdan sonra əlaqə saxlayıram, bu dəfə evindədir, rahat danışa bildiyini deyir)

- Bayaq işdə olduğunu dedin. Ciddi rejimli nə işdir elə?
- Ciddi rejim söhbəti deyil. Sadəcə, işçilərin yanında telefonla danışmaq istəmirəm. Mən danışsam, sabah onlar da danışacaq.

- Nə işidir? Hansı sahədir?
- Menecerəm.

- Hansı sahədə?
- Supermarketdə.

- Sənin futbolda menecer işləməlisən, supermarketdə nə işin var?
- Obyekt özümüzündür, başqasının deyil. Karyeramı başa vurandan dərhal sonra elə burda işə başladım. O vaxtdan supermarketdəyəm. Mən futbol oynayan dönəmdə valideynlərim buranı işlədirdi. Sonra özüm götürdüm.

- Nə əcəb futbolda qalıb məşqçilik, yaxud menecerlik etmədin?
- Mən uşaqlıqdan yalnız futbolçu haqda düşünürdüm, sonda istəyimə çatdım. Futbol oynadığım dönəmdə isə, karyeramı bitirəndən sonra özümü futbolun hansısa qolunda təsəvvür etmirdim. Ona görə də karyeramı yekunlaşdırandan sonra futbolda qalmağı düşünmədim. Həm də, indi hər yerindən duran özünə menecer, ya da məşqçi deyir. Futbol oynamayıb, futbolun dərinliklərini bilmir, sırf pul qazanmaq xatirinə bu işə gəlir. Ona görə də futbol sahəsində işləmək istəmədim. Futbolu düşünən adam cibindən əvvəl gələcəyin potensial futbolçularını fikirləşməlidir, onların inkişafına kömək etməlidir. Nə isə, uzun söhbətdir.

- Ömür boyu top dalınca qaçan biri üçün indi müştəri dalınca qaçmaq çətin deyil ki?
- Müştəri dalınca qaçmıram ki, özləri gəlir (uca səslə gəlir). Qətiyyən çətin deyil. Məndən əvvəl atamla anam orda işləyirdi. Karyeramı başa vurandan sonra bir müddət onların yanında oturdum, baxdım, öyrəndim. Heç bir çətinlik yoxdur. Bir də ki, onsuz da futbol məni yormuşdu. Lap yaxşı təklif olsaydı belə, o sahədə qalmayacaqdım. Rahatlıq istəyirdim.

-Niyə?
- Görün, neçə il ailəmdən, yaxınlarımdan uzaq qaldım. 2003-cü ildə Türkiyəyə yollandım, 2005-də Azərbaycana getdim, 2010-da yenidən Türkiyəyə. Bu müddətdə ancaq futbolu düşünür, futbol oynayırdım. Həm də tək yaşayırdım. Bəlkə tək yaşamasaydım, bezməzdim, yorulmazdım.

- Azərbaycanda əcnəbi xanımla yaşayırdın axı, səhv etmirəmsə.
- Azərbaycanda oynadığım dönəmdə qısa müddət evli oldum. Xanımım braziliyalı idi. Lakin evliliyimiz 1 il sürmədi, ayrıldıq. Mən həmişə tək yaşamışam, görünür, bu səbəbdən yoruldum.

- Hələ də subaysan?
- Artıq ailəliyəm, 2 il əvvəl ikinci dəfə ailə həyatı qurdum.

- Uşaq(lar) var?
- Təəssüf ki, indiyə qədər atalıq hissini dada bilməmişəm. Allah bir gün qismət edər. Uşaqları dəhşətli dərəcədə çox sevirəm.

- Türkiyədə və Azərbaycanda oynamış biri, məntiqlə, böyük pullar qazanmalıdır. 8 ildə maddi imkanını kifayət qədər yaxşılaşdırmağı bacarmışdın?
- Düzünü desəm, o vaxt aldığım maaş Avropa səviyyəsində elə də çox deyildi. Amma həmin dollarları Braziliya realına çevirəndə ciddi məbləğ edirdi. O vaxt 1 dollar 3 real idisə, indi 5 real olub.

- Neynədin o pulları?
- Özümün, valideynlərimin və qardaşımın güzəranının yaxşılaşmasına xərclədim. Ev aldım, maşın aldım, ayrıca mülk. Müəyyən məbləği supermarketə yatırım etdim. Qısası, öz həyatıma xərclədim.

- “Karvan”da ayda nə qədər maaş alırdın?
- İlk mövsümdəki müqavilədə aylıq 8 min dollar idi. İkinci mövsümdə bir az artdı. “Karvan”da bir iş yaxşıydı ki, qələbələyə görə yaxşı məbləğdə mükafat verildi. Aylıq qazancım 10-12 min dollara gəlib çıxırdı. O dönəm üçün yaxşı pul idi.

- Millidən də qazanırdın axı.
- Yox-yox, millidə bizə az pul verirdilər. AFFA ilə aramızda rəsmi müqavilə yox idi. Harasa toplanışa, yaxud oyuna gedirdiksə, həmin günlərə görə sutkalıq alırdıq. 200-300, maksimum 500 dollar.

- Bəs, qələbələrə görə mükafatlar?
- Qələbə qazananda, hə. Amma uda bilmirdik axı (gülür). Bəlkə millinin indiki vəziyyəti yaxşıdır. Mən oynayan vaxt qalib gələ bilmirdik.

- Berti Foqtsu xatırlayırsan yəqin. Yadında necə insan kimi qalıb?
- Əlbəttə, xatırlayıram. Yaxşı məşqçi idi. Şəxsən ondan çox şey öyrənirdim. Amma məni xoşlamırdı.

- Niyə?
- Bilmirəm ki. Səbəbi özümə də maraqlı idi. Məşqlərdə can qoyurdum, şans qazandığım oyunlarda əlimdən gələnin ən yaxşısını edirdim, o da tərifləyirdi məni. Heyət açıqlananda baxırdım ki, “11-lik”də yoxam.

- Yunis Hüseynovu necə?
- O-o-o, Yunis, Yunis müəllim... Yunis super məşqçi idi. Vallah, düz deyirəm. Biz onunla məşqçi-futbolçu yox, qardaş münasibətində olmuşuq. Səmimi deyirəm, “Karvan”da hər şeydən əvvəl Yunis üçün oynayırdım. İstəmirdim uduzaq, sonra ona söz gəlsin. Mənə görə o vaxt Azərbaycanın bir nömrəli məşqçisi idi.

- Hansı dilində danışırdız?
- Türk dilində (gülür). Sən mənim türkcəmi indi başa düşürsənsə, deməli, o vaxt bundan da yaxşı başa düşülürmüş. Bəzən ingilis və türk dillərini qarışdırıb fikrimi izah edirdim.

- “Karvan”ın tarixə qovuşduğundan xəbərin var?
- Bilirəm, dostum. Çox pis haldır. “Karvan” var, amma Bakıda yox, Moskvada.

- Sən gördüyün çempionatdan əsər-əlamət qalmayıb. Nə “Karvan” qalıb, nə “Simurq, nə ”“Xəzər Lənkəran”...
- Dayan-dayan. ”Xəzər Lənkəran” çempionatda iştirak etmir?

- Xeyli vaxtdır artıq.
- Nə danışırsan? Mən şokdayam, sözün həqiqi mənasında şokdayam. Bəs o qədər pullar, milyonlar? Qurtardı?

- O cür də demək olar. 
- İnana bilmirəm, vallah.

- “Bakı” da yoxdur.
- Dostum, sən bu gün məni şoka salmaq istəyirsən, yoxsa zarafat edirsən? Azərbaycan futbolunun ən imkanlı klubları yoxa çıxdı? Buna ancaq təəssüflənə bilərəm. Deməyə sözüm yoxdur. 

- Azərbaycana gəlib-getmirsən, futbolumuzla da maraqlanmırsan. Halbuki, uzun illər burda oynamısan, millinin formasını geyinmisən. Hanı Azərbaycana sədaqətin?
- Saytları oxumaq imkanım yoxdur. Çünki azərbaycanca bilmirəm. Bəzən qarşıma “Qarabağ”ın, “Neftçi”nin, yaxud millinin beynəlxalq oyunlardakı nəticələri çıxır, onda baxıram. Məhz buna görə xəbərsizəm. O ki qaldı Azərbaycana gəlməyə, bunu çox istəyirəm. Sadəcə, işimə görə imkanım olmayıb. Bəzən xanımımla söhbət edəndə, deyirəm, övladımız olsun, sizi Azərbaycana aparacam. Ən böyük istəyim ailə üzvlərimə gözəl Bakını, heç vaxt unutmayacağım Yevlaxı göstərməkdir. Azərbaycan mənim ikinci vətənimdir. Dediyim kimi, vaxt məhdudiyyətinə görə gedə bilməmişəm. Amma 2-3 ilə mütləq Azərbaycana səfər edəcəyik.

- Gəlsən, Bakını tanımarsan.
- Bilirəm, xəbərim var. İnternetdə şəkil və videoları görürəm. Bakı tanınmaz dərəcədə dəyişib. Hər il “Formula-1” keçirilir, Avroliqanın final matçı, Avropa çempionatının oyunları və s. Heyf, bu günləri görə bilmədim. Biz oynayan dönəmdə şərait super deyildi, pul baxımdan da indiki imkanlar yox idi. Kaş, indi olardım orda.

- Sənə kim deyir ki, indi Azərbaycan futbolunda pul əvvəlkindən çoxdur?
- Mən belə düşünürəm.

- Səhv düşünürsən. O vaxt “Karvan”da qazandığın 8-10 min dolları indi hər klub verə bilmir.
- Bir neçə il əvvəl bir nəfərlə danışmışdım, o mənə Azərbaycan futbolunda böyük pulların dövr etdiyini demişdi. Deyirdi, komandaların çoxu Bakıda məskunlaşıb, yeni stadionlar inşa olunub. Ya o səhv deyib, ya da mən səhv başa düşmüşəm.

- Yevlaxı və ordakı insanları necə xatırlayırsan?
- Xatırlayırsan yox, Yevlaxın indiki halını görmək istəyirəm. Görəsən, nə dərəcədə dəyişib, hansı yeniliklər var? Mən Yevlaxı çox sevirdim və komandada bunu hamı bilirdi. Çünki səs-küydən uzaq çox sakit yer idi. Rahatlıq üçün əsl yaşanmalı rayondur. İnsanları da möhtəşəmdir oranın. Küçədə, marketdə, stadionda – harda görürdülərsə, məcbur dartıb evlərinə aparmaq istəyirdilər ki, gedən Azərbaycan yeməyinin dadına bax. Hamısını bağrıma basıram.

- Sonda demək istədiyin nəsə var?
- Allah Azərbaycan futboluna və azarkeşlərinə xoş günlər görməyi nəsib etsin. O gün olsun, milli mötəbər turnirlərin final mərhələsinə vəsiqə qazansın. Ən böyük arzum isə “Karvan”ı yenidən Premyer Liqada görməkdir. Yevlaxlı fanatlar böyük futbola baxmağı haqq edir. Azərbaycanın və “Karvan”ın həyatımda xüsusi yeri var. Bu ölkə məni insanlara tanıtdı, sevdirdi. Bu ölkə böyük pullar qazanıb həyat səviyyəmin yaxşılaşmasında böyük rol oynadı. Məni tanıyan və xatırlayan hər kəsə salam göndərirəm. Azərbaycana gələndə görüşərik (sportinfo.az).