17:14 12-11-2021
news_image
1524
FUTBOL

Bəxtiyar Musayev: “De Byazinin ya gözü görmür, ya da bunları bilə-bilə müqaviləyə qol çəkib”

“De Byazinin rəhbərliyi altında hələ Millətlər Liqasındakı matçlardan sonra yığmada heç bir potensial görmürdüm. Bu mənada mənim üçün təəccüblü bir şey olmadı. Sadəcə, oyuna baxıb əsəbiləşirik. Futbol adına heç nə görmürük, pis oluruq”.

Bunu apasport.az saytına açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Bəxtiyar Musayev DÇ-2022-nin seçmə mərhələsində Lüksemburqla keçirilən oyun barədə danışarkən deyib.

48 yaşlı mütəxəssis yığmamızın Bakıda 1:3 hesablı məğlubiyyətini və seçmə mərhələdəki uğursuz çıxışını baş məşqçi Canni de Byazi ilə əlaqələndirib: “De Byazi ya futbolu bilmir, ya da özünə bəhanə axtarır. Oyundan sonra mətbuat konfransında deyib ki, 10 nəfərlə qaldıqdan sonra çətin olur. Komanda 11 nəfərlə oynadığı dəqiqələrdə guya nəsə etdi ki? Baş məşqçi ancaq top buraxmamaq barədə düşünür. Hücum eləməyi fikirləşmir. Yığmanın ifasında heç oyuna bənzər bir şey də yoxdur. Əməlli-başlı çöküş var. Bütün oyunları müdafiədən keçiririk. Məsələn, İrlandiya ilə görüşdə rəqib nə qədər şansı qaçırdı, son dəqiqələrdə qol buraxdıq. Dedik ki, 3 xal qazanmalı idik, bəxtimiz gətirmədi. Daha rəqibin 90 dəqiqə ərzində yaratdığı qol imkanlarından danışan yoxdur. Baş məşqçi də hər oyundan sonra aldadıcı fikirlər səsləndirir, bəhanələr gətirir”.

Musayevin fikrincə, italiyalı mütəxəssis Azərbaycan millisinə iş görmək üçün yox, pul qazanmaq üçün gəlib: “Baş məşqçi gələndə deyirdi ki, ilk iki yerə iddia edəcək, ancaq dünən bildirir ki, Lüksemburq da bizdən güclüdür. İstənilən baş məşqçi əgər pulu deyil, işi düşünürsə, gəlməzdən əvvəl komanda barədə məlumat toplayar, onun nəyə qadir olduğunu, nəyə ümid edəcəyini bilər. De Byazinin ya gözü görmür, ya da bunları bilə-bilə müqaviləyə qol çəkib. Hər iki halda günahkar özüdür. Belə çıxır ki, sırf pul üçün gəlib, bunun başqa adı yoxdur. İnanın, görməsinə də şübhə edirəm. Hərdən elə oyunçuları meydana buraxır ki... Ancaq top buraxmamağı düşünür. Bir oyun yoxdursa, düşünülmüş hücum qura bilmirsənsə, hansı gələcəkdən danışırsan? Hər açıqlamasında deyir ki, yaxşı olacaq. Amma yığma uçuruma doğru gedir”.

Futbolçu karyerasında “Neftçi”, “Qarabağ” kimi klubların formasını geyinmiş Bəxtiyar Musayev yığmanın sükanı arxasında görmək istədiyi çalışdırıcının adını da açıqlayıb: “Antonio Konte də, Dieqo Simeone də, Pep Qvardiola da gəlsə, indiki durumda heç nə edə bilməz. Futbolçu yetişmir, 8 komandalı çempionat gedir. Bu vəziyyəti, uşaq futbolunu düşünmək lazımdır. Mənim milliyə yeganə namizədim Qurban Qurbanovdur. O da gəlmişdi, təəssüf ki, müqaviləsi sonradan ləğv olundu. Qurbanov illərdir öz dəst-xəttini, bacarığını ortaya qoyur, necə peşəkar olduğunu sübut edir. Yurçeviç, de Byazi, Foqts kimi məşqçilər gətirməkdənsə, istənilən yerli mütəxəssisi təyin etsinlər. Baş məşqçini lap püşkatma ilə müəyyən eləsinlər, adı çıxan yerli məşqçi yenə də o əcnəbilərdən çox xeyir verər”.

Qeyd edək ki, Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsində 1 xalla qrupda sonuncu yeri tutub.