12:13 13-11-2021
news_image
5134
FUTBOL

Milliləşdirilmiş sabiq futbolçumuzdan etiraf: Əsas rolu pul oynadı

“Ayaqlarım hələ də sözümə baxır, komandama kömək edə biləcəyimi düşünəndə mən də oynayacağam”.

Apasport.az saytının məlumatına görə, bunu Almaniyanın həvəskarlar liqasında çıxış edən “Hicret” klubunun oynayan baş məşqçisi olan Azərbaycan yığmasının sabiq futbolçusu Uğur Pamuk deyib.

Almaniya mətbuatına açıqlamasında milliləşdirilmiş futbolçu karyerası ilə bağlı maraqlı məqamlara toxunan 32 yaşlı mütəxəssis 2012-ci ildə Azərbaycana gəldiyi dönəmi də yada salıb. O, “Sumqayıt”a keçidini belə xatırlayıb: “TuS Dornberq”də olarkən Rur bölgəsində səfər oyunumuz var idi. “Sumqayıt”ın həmin dönəmdəki baş məşqçisi Bernhard Raab da məni izləyib bəyənmişdi. Raab daha sonra Uli Ştaynla əlaqə saxlayaraq mənim barəmdə məlumat topladı. Görünür, gördükləri xoşuna gəlmişdi. Çünki mənim keçidimdə israrlı oldu”.

Pamuk Azərbaycan millisinə cəlb olunmasını da vaxtilə yığmamızda Berti Foqtsun köməkçisi olmuş Uli Ştaynla əlaqələndirib: “Ştaynın Azərbaycan millisinin həmin vaxtkı baş məşqçisi Berti Foqtsla yaxınlığı var idi, onun köməkçilərindən idi. Azərbaycan millisinin Mönhenqladbaxda təlim-məşq toplanışı keçirildi, məni dəvət etdilər. Ora yollanaraq, bir həftə komanda ilə hazırlıq keçdim. Foqts, həqiqətən də, görkəmli insan olmaqla yanaşı, sanki qüsursuz çəkic idi. Eyni zamanda əla məşqçidir. Hətta deyərdim ki, Foqts mənim “Köln”ə keçidimdə vasitəçilik də edə bilərdi. Onlar da məni istəyirdilər. Amma etiraf edirəm ki, “Sumqayıt”a keçidimdə əsas rolu pul oynadı. Yeni macəraya cəsarət etdim, ailəm olmadan təkbaşına Bakıya getdim. Amma indiki ağlım olsaydı, “Köln”ü seçərdim. Məni Bakıda hava limanında qarşılayıb otelə apardılar. Mənzilim hələ hazır deyildi. İlk vaxtlar dil problemi yaşadım. Amma altı aydan sonra artıq bu, problem deyildi”.

Uğur Pamuk 2013-cü ildə ölkəmizdə “Sumqayıt”ı “Xəzər Lənkəran”a dəyişib. Sabiq cinah oyunçusu orada zədələrin ona mane olduğunu bildirib: “Xəzər Lənkəran” Almaniyadakı “Bavariya” və ya İngiltərədəki “Liverpul” kimi klub idi. Mövsümöncəsi yoldaşlıq görüşlərində vurduğum qollarla diqqət çəksəm də, çempionatın startına bir həftə qalmış çarpaz bağım cırıldı, altı ay yaşıl meydanlardan kənarda qaldım. Yenidən formamı bərpa etdiyim zaman da avtomobil qəzasına uğradım. Başa düşdüm ki, həyat yoldaşım, oğlum – ailəm mənim üçün daha vacibdir”.

Hazırda iki oğul atası olan Uğur Pamukun böyük övladı da onun yolu ilə gedir. O, kiçik Pamukun özündən də güclü futbolçu olacağını düşünür: “Onun topla hərəkətləri, həqiqətən də, çox yaxşıdır”.

Qeyd edək ki, Uğur Pamuk Azərbaycan millisinin heyətində yeganə oyununu 2012-ci ildə Andorra ilə keçirilən (0:0) yoldaşlıq görüşündə keçirib.