19:54 14-11-2021
news_image
146
FUTBOL

Pley-offun 5-ci iştirakçısı

DÇ-2022-nin Avropa zonası üzrə pley-off mərhələsinin daha bir iştirakçısı müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, bu, DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsinin X turunun ilk oyunlarından sonra bəlli olub.

H qrupunda ikinci yeri tutan Rusiya millisi  pley-offda mübarizə aparacaq. Son turda Xorvatiyada 0:1 hesablı məğlubiyyət şimal qonşularımızın 1-ci pilləni əldən verməsi ilə nəticələnib. Bununla da həmin raundun 5-ci iştirakçısı dəqiqləşib.

Daha öncə Şotlandiya öz qrupunda ikinci yeri təmin edərək pley-offa çıxıb. Avstriya isə Millətlər Liqasının qrup qalibi kimi bu hüquqa sahib çıxıb.

Çexiya və Uelsin də pley-offda iştirakı dəqiqləşib. Seçmə mərhələnin eyni qrupda yer alan rəqiblər həm də Millətlər Liqasında qrup qalibi olublar. Onlardan biri seçmə mərhələnin ikincisi kimi, digəri Millətlər Liqasının ikinci vəsiqəsinin sahibi kimi pley-offa çıxacaq.

Qeyd edək ki, Şotlandiya, Avstriya, Uels, Çexiya və Rusiyadan başqa daha 7 komanda pley-offda oynayacaq. Bu mərhələnin yarımfinalı gələn il martın 24-25-də, finalı 28-29-da keçiriləcək və üç komanda Qətər-2022-yə yüksələcək. Yarımfinal və finalın püşkatması isə noyabrın 28-də baş tutacaq.