23:07 14-11-2021
news_image
218
FUTBOL

Qətərin baş məşqçisi: “Azərbaycan yığmasından belə bir oyun gözləyirdik”

“Futbolçular peşəkar olmalı, qalibiyyət üçün mübarizə aparmalıdırlar”.

Apasport.az saytının məlumatına görə, bunu Qətər millisinin baş məşqçisi Feliks Sançes Azərbaycanla keçirilən yoldaşlıq görüşündən sonra deyib.

Bakı Olimpiya Stadionunda baş tutan qarşılaşma 2:2 hesabı ilə başa çatıb.

İspaniyalı mütəxəssis oyunsonrası mətbuat konfransında komandasının çıxışını dəyərləndirib: “Bizi qarşıda dünya çempionatı gözləyir. Oyunçuların hər biri ora yaxşı vəziyyətdə yollanmaq istəyir. Bu səbəbdən hər matçda sona qədər mübarizə aparırıq. Həmçinin bu gün də belə oldu”.

- Azərbaycan millisində əvvəlki oyunla müqayisədə hansı dəyişikliklər gördünüz?
- Oxşar oyun oldu. Qalib gəlmək üçün oynadılar. Debretsendəki görüşdə daha səmərəli idik, şanslarımızdan istifadə etdik. Bu gün rəqib hücum futbolu oynamağa, qələbə qazanmağa çalışdı. Bu da maraqlı oyun ortaya çıxardı.

- Peşəkarlıqdan danışdınız. Topa əllə müdaxilə etmək nə dərəcədə peşəkarlıqdır?
- Bilmirəm niyə belə sual verirsiniz. Oyunçular matç zamanı mübarizə aparırlar. Bu kimi epizodların yaşanması da normaldır.

- Sizcə, yığmanızın heyətində bu günün ən yaxşısı kim idi?
- Meydançada hər bir oyunçunun rolu var. Kimisə fərqləndirmək istəməzdim. Amma ümumilikdə oyundan razı qaldım.

- Oyun sizin gözləntilərinizi qarşıladı?
- Bəli, Azərbaycan yığmasından da belə bir oyun gözləyirdik. Ümumi götürdükdə matçı idarə edə bildik. Bəzi dəqiqələrdə bir dominant olduq, bəzi dəqiqələrdə rəqib üstün idi. Ümumilikdə ədalətli nəticə oldu.

- Qətər yığması üçün Avropa turnesini necə dəyərləndirərdiniz?
- Bizim üçün əla təcrübə oldu. Bəzi matçlar çətin oldu, güclü komandalarla, Avropanın top-komandaları ilə qarşılaşdıq. Ümumi götürdükdə dünya çempionatı üçün yaxşı hazırlıq oldu.