11:33 15-11-2021
news_image
293
FUTBOL

Ronaldo və Messini müqayisə etdilər: Portuqaliyalının gücü Azərbaycana çatır

“Barselona”nın tvitter səhifələrindən biri Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldonu ələ salıb.

Apasport.az saytının məlumatına görə, 36 yaşlı forvardın kataloniyalıların sabiq kapitanı Lionel Messi ilə müqayisəsi aparılıb.

Argentinalı oyunçunun “Mançester Siti” və Serbiyaya qol vurması fonunda Ronaldonun hansı üstünlüyə malik olduğu qeyd olunan yazıda portuqaliyalının gücünün Azərbaycan kimi zəif komandalara çatdığı vurğulanıb: “Messi “Mançester Siti”yə 2 qol vurdu, dünya çempionatında Serbiya ilə görüşdə fərqləndi. Ronaldo isə hər iki komanda ilə matçlarda məyusluq yaşayıb. Ancaq Ronaldonun qoç olduğuna inanmalıyıq, çünki o, Azərbaycan, Farer adaları və Lüksemburqa qol vurur. Messi Braziliya, Çili, Uruqvay, Kolumbiya kimi rəqiblərin yer aldığı yarışdan mundiala vəsiqə qazanır. Ronaldo isə ən “istedadlı” komandaların olduğu qrupda mübarizə apardı”.

Bir başqa tvitter səhifəsi isə Portuqaliyanın millimizin yer aldığı qrupda birinci yeri tuta bilməməsini tənqidlə qarşılayıb: “Əgər siz Portuqaliya kimi istedadlı komandasınızsa və Serbiya, Azərbaycan, İrlandiya, Lüksemburqun yer aldığı qrupda birinci yeri tuta bilmirsinizsə, dünya çempionatına getməməyiniz daha yaxşı olar”.

Qeyd edək ki, A qrupunda 17 xalla ikinci yeri tutan Portuqaliya yığması mundiala vəsiqə üçün pley-off oyunu keçirəcək. Azərbaycan millisi isə 1 xalla qrup sonuncusu olub.