12:11 15-11-2021
news_image
427
FUTBOL

Antirekord: Milli bu qədər qol buraxmamışdı

Azərbaycan millisi ötən həftə keçirdiyi oyunlarla 2021-ci ilə yekun vurub.

Apasport.az saytının məlumatına görə, hərəsində 4 qolun vurulduğu Lüksemburq (1:3) və Qətərlə (2:2) matçlarla Canni de Byazili yığma 2021-ci illə vidalaşıb.

İl ərzində 13 oyun keçirən komanda cəmi 1 qələbə qazanıb. Aktivində 2 heç-heçə olan yığma 10-cu məğlubiyyətini Lüksemburqdan alıb. 11 qol vuran futbolçularımız 26 top buraxıblar.

Bu il futbol tariximizə iki antirekordla düşüb. Milli həm məğlubiyyət, həm buraxılan qol sayında ən pis ilini keçirib.

Lüksemburqa məğlubiyyət 2005-ci ilin antirekordunu unutdurub. 16 il öncə 9 dəfə uduzmuşduq. Bu dəfə yeni və mütləq göstərici rəsmiləşib.

Həmin oyunda buraxılan qol sayı 24-ə çatıb. Bu, antirekordun təkrarı olub. Lakin yığmamız Qətərdən də 2 qol buraxaraq yeni antirekordu rəsmiləşdirib. Milli il ərzində 26 qol buraxıb. Bunadək ən pis nəticə 1999, 2005 və 2007-ci illərdə yaşanmışdı. Hər üç il 24 qolun buraxılması ilə nəticələnib.