12:25 15-11-2021
news_image
133
FUTBOL

“Qarabağ”ın sabiq kapitanı: “Onlardan fədakarlıq gözləyə bilmərsən”

“Biz meydana uduzmamağa, döyüşməyə çıxırdıq. Gücüm nəyə çatırsa, onu heç vaxt əsirgəmərəm. Amma indi inanmıram ki, hansısa futbolçu sağlamlığına bilə-bilə ziyan vursun”.

Bunu apasport.az saytına açıqlamasında “Qarabağ”ın 19 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi Səttar Əliyev deyib.

Veteran futbolçunun fikrincə, müasir dövrdə bəzi futbolçular özlərini çox qoruyur, bu səbəbdən bəzən tam gücləri ilə oynamırlar. Əliyev bu xüsusiyyətlərin o vaxtkı oyunçulara yad olduğunu söyləyib. O, başına gələn bir hadisəni də buna misal çəkib: “Bir dəfə “Neftçi” ilə Bakıdakı oyunumuzdan əvvəl dabanımda zədə var idi. Məni rəhmətlik Murad həkimin yanına apardılar. Topuğumun içinə 5 tikiş atdılar ki, ayağım keyisin. Ayağımı yerə çırpdım, gördüm ki, heç ayağımı hiss eləmirəm. Onda məşqçiyə dedim ki, nə vaxt görsəz ki, yıxılıb meydançada qaldım, qalxa bilmədim, o zaman əvəzləyərsiz. Çünki o, tam başqa sevgi idi. Ancaq indiki futbolçulardan bu cür fədakarlıq gözləyə bilmərsən”.

“Qarabağ”ın kapitanlıq sarğısını ən çox daşımış futbolçu olan Səttar Əliyev birinci Qarabağ müharibəsi dönəmində Ağdamda belə, çəkinmədən oyunlara çıxdıqlarını vurğulayıb: “O vaxt müharibə olmuşdu, torpaqlarımız işğal edilmişdi, şəhidlərimiz var idi. Qarabağ adına sevgi başqa idi. Bir quş dimdiyində su gətirib yanan evin üstünə tökür və deyir ki, gücüm buna çatdı. Bizim də həmin vaxt gücümüz nəyə çatırdısa, əlimizdən gələni edirdik. İndi futbolçuya desən ki, dabanına iynə vurub keyidəcəyik, oyuna çıx, razı olmaz. Deyəcək ki, sağlamlığıma niyə ziyan vururam? Hansı ki, halal xoşları olsun, bizdən 10 yox, 50 dəfə artıq pul alırlar”.