13:55 15-11-2021
news_image
323
FUTBOL

Millimizin sabiq futbolçusu: “De Byazi pulunu qazanıb, cibidolu çıxıb gedəcək”

“Əvvəlki illərlə müqayisədə millidə heç bir irəliləyiş olmayıb. Əksinə, daha da geriləmə müşahidə olunur”.

Bunu apasport.az saytına açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Ramazan Abbasov deyib.

Keçmiş yarımmüdafiəçi yığmamızın getdikcə zəifləməsini çempionatda klub sayının azlığı ilə əlaqələndirib: “Yığma ildən-ilə zəifləyir. Söhbət təkcə qrup sonuncusu olmaqdan getmir. Lüksemburq kimi rəqibdən 6 xal ala bilmirsənsə, milyonlar xərcləyib əcnəbi məşqçi gətirmək nəyə lazımdır? Çempionatda cəmi 8 klubun iştirak etməsi birbaşa millinin nəticələrinə təsir edir. Klublarda ümumilikdə 30-40 yerli futbolçu əsas heyətdə yer alır, qalanları əcnəbilərdir”.

38 yaşlı mütəxəssisin fikrincə, millinin baş məşqçi postuna yenidən əcnəbi gətirmək heç nəyi dəyişməz: “Millidə əcnəbi məşqçinin olmasının heç bir xeyri yoxdur. Yerli mütəxəssis geridə qalan seçmə mərhələdə bundan uğurlu nəticə göstərərdi. Düzdür, indiki vəziyyətdə böyük uğur da mümkün deyil. Amma ən azı bu qədər uğursuz olmazdı. Milliyə sırf yerli məşqçi lazımdır”.

Abbasov hazırkı çalışdırıcı Canni de Byazinin məqsədinə çatdığını düşünür. O, italiyalının yeni gələndə iddialı açıqlamalar verməsinin başadüşülən olduğunu deyib: “De Byazi təzə gələndə iddialı danışırdı, indi deyir ki, biz qrupun ən zəifiyik. Çətini müqavilə bağlayıb, postunda oturana qədərdir. Artıq müqavilə müddəti də başa çatır. Onun üçün nə fərqi var? Pulunu artıq qazanıb, cibidolu çıxıb gedəcək. Birinci və ya sonuncu olmağın onun üçün heç bir fərqi yoxdur. Ancaq azərbaycanlı məşqçi ən azı məsuliyyət dərk edər”.

Qeyd edək ki, Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsində 1 xalla 5 komanda arasında sonuncu yeri tutub.