01:33 16-11-2021
news_image
835
FUTBOL

İngiltərə 10 qolla mundialda, İsveçrə İtaliyanı pley-offa göndərdi

DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsinin daha üç qrupunda mübarizəyə yekun vurulub.

Apasport.az saytının məlumatına görə, C, F və İ qruplarında son turun oyunları keçirilib.

Danimarka ilə Şotlandiyanın müvafiq olaraq birinci və ikinci yeri öncədən təmin etdiyi F qrupu ilə yanaşı, digər iki qrupda da ilk iki yerin taleyinə aydınlıq gəlib.

C qrupunda gərginlik son ana qədər davam edib. Avropa çempionu İtaliya gözlənilmədən səfərdə Şimali İrlandiyanın müqavimətini qıra bilməyib. Belfastdakı qarşılaşmada qol vurulmayıb. “Skuadra Adzurra”nın büdrəməsindən məharətlə yararlanan İsveçrə doğma arenasında Bolqarıstanı 4:0 hesabı ilə üstələyib. Nəticədə İsveçrənin 18 xalla qrup birincisi kimi dünya çempionatına yollanacağı dəqiqləşib. Qrupu 16 xalla tamamlayan İtaliya bəxtini pley-offda sınayacaq.

İ qrupunda isə sensasiya olmayıb. Səfərdə autsayder San Marinonu 10 cavabsız qolla üstələyən İngiltərə aktivindəki xalların sayını 26-ya yüksəldib və mundiala birbaşa vəsiqə əldə edib. Öz meydanında Macarıstana uduzan Polşa (1:2) ikinci yerlə pley-offda iştirak hüququ qazanıb.

Qeyd edək ki, meydan sahibi Qətərin birbaşa vəsiqə qazandığı mundialda oynamaq hüququnu daha öncə Avropadan Danimarka, Almaniya, Fransa, Xorvatiya, Belçika, Serbiya və İspaniya, Cənubi Amerikadan Braziliya yığmaları qazanıb. Pley-offa Şotlandiya, Avstriya, Rusiya, Uels, Çexiya və Şimali Makedoniya vəsiqə əldə edib.

Noyabrın 16-da D, E və G qruplarında keçiriləcək son matçlarla DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsinə yekun vurulacaq.