12:54 16-11-2021
news_image
1664
FUTBOL

Kamal Quliyev: “O, kişi kimi deməlidir ki, öhdəsindən gələ bilmədim” - MÜSAHİBƏ

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı istiqaməti üzrə

Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsini 1 xalla qrup sonuncusu kimi tamamlayıb.

Apasport.az saytının məlumatına görə, eyni zamanda aşağı yaş qrupu üzrə yığmalarımızın da uğursuz çıxışı davam edir.

Seçmə mərhələlərdə U-21-in aktivində 1 xal varsa, U-19 hələ də xala həsrətdir. Üstəlik, bu komandalarda top fərqi müvafiq olaraq -18 və -15-dir. Azərbaycan futbolunun hazırkı durumunu və gələcək perspektivini dəyərləndirmək üçün millimizin sabiq futbolçusu Kamal Quliyevlə söhbətləşdik.

Hazırda “Keşlə”də köməkçi-məşqçi kimi fəaliyyət göstərən 45 yaşlı mütəxəssis həm əsas millinin nəticələrinə, həm də Premyer Liqa ilə bağlı problemlərə münasibət bildirib.

“İtirilmiş, uğursuz il hesab etmək olar”
- Azərbaycan millisi üçün 2021-ci ili necə dəyərləndirmək olar?
- Əlbəttə ki, itirilmiş, uğursuz il hesab etmək olar. Bu seçmə mərhələdə də hansısa futbolçumuz Avropa klublarının birinin qapısını döyə bilmədi. Skautlar üçün ən güclü “bazar” yığmaların oyunlarıdır. Çünki məhz millilərin matçları daim diqqət mərkəzində olur, oradan oyunçular izləyib bəyənirlər. Təəssüf ki, bu il də belə yekunlaşdı.

- Yığmamız DÇ-2022-nin seçmə mərhələsində keçirdiyi 8 oyunda cəmi 1 xal topladı. İldən-ilə uğursuz nəticələrin artmasının səbəbini nədə görürsünüz?
- Səbəbi futbolçu qıtlığıdır. Seçim imkanı azdır. Yığmada eyni futbolçular yer alır. Hər dəfə eyni oyunçular çağırılır. Premyer Liqada çıxış edən komandaların, yerli futbolçuların sayı azdır. Bunların hamısının təsiri var.

“İstər rəhbərlik, istərsə də baş məşqçi olaraq vəzifəmizin öhdəsindən gələ bilməmişik”
- Ancaq unutmayaq ki, əvvəlki illərdə bu qədər legionerimiz olmamışdı. Bunun fonunda cəmi 1 xal toplamaq işlərin düzgün görülməməsinin sübutu deyil?
- Sizinlə razıyam. Yığmamız seçmə mərhələdə 1 xal toplayıbsa və sonuncu yeri tutubsa, deməli, istər rəhbərlik, istərsə də baş məşqçi olaraq vəzifəmizin öhdəsindən gələ bilməmişik. Bunu qəbul eləmək o qədər çətindir? Bilirsiz, administrator butsu yaddan çıxardı, həkim hansısa dərmanı vermədi, futbolçu yata bilmədi kimi bəhanələr səbəb ola bilməz. Əgər komanda mövsümü uğursuz bitirirsə, cavabdeh birbaşa baş məşqçidir. Deməli, baş məşqçi bacarmayıb. Kişi kimi də deməlidir ki, bunun öhdəsindən gələ bilmədim.

- Ancaq millinin baş məşqçisi Canni de Byazi son mətbuat konfransında uğurlu işlər gördüyünü, qalacağı təqdirdə daha yaxşı nəticələr qazanacağına əmin olduğunu söylədi...
- Onun uğurlu işinin nə olduğunu bilmirəm. Hər şey göz qabağındadır. Biz bir-birimizə dəyər verməliyik, hörmət eləməliyik ki, kənardan gələn də bizə hörmət qoysun. Nə qədər ki, bir-birimizə dəyər verməyəcəyik, əcnəbi də gəlib bu cür danışacaq.

- Ümumiyyətlə, millinin əcnəbi baş məşqçiyə nə dərəcədə ehtiyacı var?
- Vallah, yoxdur. Həmişə yerli məşqçinin çalışmasının tərəfdarı olmuşam. Axı bizim o dərəcədə legionerlərimiz yoxdur, rəqiblərdən elə üstün deyilik. Bizə ancaq özümüzünkü lazımdır ki, “mən ölüm”, “sən öl” sözləri ilə bayraq, torpaq, vətənpərvərlik hisslərini artırsın, futbolçuları oyunlara döyüşkən ruhda hazırlasın. Bu gün bizə belə əcnəbi məşqçi yaramır.

“Çempionatda düzgün mübarizə getmir”
- Millinin sabiq üzvü kimi, ardıcıl məğlubiyyətləri görəndə hansı hissləri keçirirsiniz?
- Mən də azarkeşlər kimi pis oluram. Orada məşqçinin kimliyinin fərqi yoxdur. Hamımızın arzusu odur ki, futbolumuz dirçəlsin, millimiz addımlasın. Nəticələri görəndə ancaq təəssüf hissləri keçirirəm. Bu hissləri orada oynamış kəslər daha yaxşı bilər.

- Sizin dönəminizdə Lüksemburq yığması bizim üçün zəif sayılırdısa, bu gün hər cür şəraitə baxmayaraq, rəqib millimizlə matçlarda favorit göstərilir. Yəni futbolçularda günah yoxdur?
- Əlbəttə ki, var. Futbolçuların səviyyəsi arzulanan formada deyil. Çünki çempionatımızın səviyyəsi aşağıdır. Çox az sayda səviyyəli oyunçumuz var. Çempionatda düzgün mübarizə getmir, rəqabət yoxdur, futbolçu onu inkişafa aparacaq yüklənməni görmür.

“Hər yoldan keçəni milliləşdirib oynatmaq olmaz”
- Futbolçu qıtlığını milliləşdirmələrin sayını artırmaqla sığortalamaq cəhdi düzgündür?

- Mən bunun əleyhinəyəm. Milliləşmə olar, maksimum 1-2 nəfər. O da komandanı arxasınca aparacaq səviyyədə olmalıdır. Hər yoldan keçəni milliləşdirib oynatmaq olmaz. O da reallıqdır ki, futbolçu qıtlığı yaşanır.

- Milliləşdirilənlər qıtlığı aradan qaldıracaq səviyyədədir?
- Xeyr, onlar yerli oyunçulardan heç də üstün deyillər.

- Belədirsə, yerli oyunçularla da uduzmaq olar...
- Razıyam, elə yerli uşaqlarla mübarizə aparmaq lazımdır.

“Düzgün yolda deyilik, uçuruma gedirik”
- Əsas milli ilə yanaşı, U-19 və U-21 yığmalarımızın nəticələri də ürəkaçan deyil. Azərbaycan futbolunun sabahı necə görünür?
- Azərbaycan futbolu bu illər ərzində irəliləmir. Düzgün yolda deyilik, uçuruma gedirik.

- Aşağı yaş qrupu yığmalarının bu durumunu gördükdən sonra demək olarmı ki, ən azı yaxın 10 ildə əsas millidən heç nə gözləməyək?
- Bu gedişlə elə olacaq. Mütəxəssislərimizi Avropa klublarına göndərmək lazımdır. Həftələrlə, aylarla inkişaf eləmiş ölkələrdə qalsınlar, öyrənsinlər. Həmçinin futbolçularımızı Avropaya çıxarmaq lazımdır. İstər uşaq, istərsə də böyük komandaların məşqçilərinin hamısını Avropaya ezam eləmək lazımdır. Növbə ilə gedib nəsə öyrənsinlər ki, onu gəlib burada tətbiq eləsinlər. Məsələn, İslandiyaya, Lüksemburqa gedək, görək onlar futbolun səviyyəsini necə yüksəltdilər. Vəziyyətdən çıxış yolu yalnız budur.

- Futbolumuzun bu duruma düşməsinin günahkarı AFFA, yoxsa klublardır?
- Burada AFFA-nın da, klubların da günahı var. Hər iki tərəfdə iş qarşılıqlı görülməlidir. Hansısa klubu yaradıb, sonra dağıdırlarsa və ya çempionatda az komanda iştirak edirsə, buna AFFA nə eləsin?

“Legioner limitinin ləğvinin tərəfdarıyam”
- Sizin də dediyiniz kimi, Premyer Liqada cəmi 8 komanda var, mövsüm ərzində bir-biriləri ilə azı 4 dəfə qarşılaşırlar. Bu, bezdirici deyil?
- Bir komandaya qarşı iki dəfədən artıq oynayanda adam bezir. Çempionatda minimum 14-16 komanda olmalıdır. Çempionatda rəqabət deyilən şey yoxdur. Bizim üçün təkcə “Qarabağ” var.

- Çempionatda 21 yaşadək oyunçularla bağlı tətbiq edilən limitin bir xeyrini görə bilirsiniz?
- Bu limiti xeyir verməsi üçün yaradıblar. Amma həmin limitdən çıxan düz-əməlli bir futbolçu da görmədim. Limitə düşən gənclər müntəzəm çıxış edirlər, elə ki yaşları limitə düşmür, ehtiyatda otururlar. Bunda günahı həmin uşaqların özlərində görürəm. Onlara yaradılan şansdan istifadə edə bilmirlər. Müntəzəm əsas heyətdə yer alan gənc oyunçu “artırmalıdır”. Bilirsiniz, mən, ümumiyyətlə, Premyer Liqada istər gənclərlə, istərsə də legionerlərlə bağlı limitin tamamilə ləğvinin tərəfdarıyam. Kimin güclü, kimin zəif olduğu o zaman bilinər. 

Ruslan Sadıqov

MEDİA-nın maliyyə yardımı ilə dərc olunurMEDİA-nın maliyyə yardımı ilə dərc olunur