13:21 21-11-2021
news_image
113
FUTBOL

“Qızıl top”a ən çox namizəd olub, ilk “10-luğ”a düşə bilməyənlər

Dünya futbolunun ən nüfuzlu fərdi mükafatı “Qızıl top”dur.

Apasport.az saytının məlumatına görə, indiyə qədər bu titula saysız-hesabsız futbolçular namizəd göstərilsə də, adətən hücumçulardan biri seçilib.

Bəzi oyunçular isə karyerası ərzində tez-tez namizədlərdən olsa da, yekunda ilk “10-luğ”a da düşə bilməyib. Bu yazıda da ən çox namizəd olub, səsvermədən sonra “10-luq”dan kənarda qalanları təqdim edəcəyik.

Kərim Benzema – 9 dəfə
10 ildən çoxdur “Real”ın qol yükünü daşıyan Benzema uzun fasilədən sonra qayıtdığı Fransa millisinə də tezliklə uyğunlaşıb. Bu dönəmdə “Real”ın 4 dəfə Çempionlar Liqasının qazanmasını, La Liqada çempionluqlar əldə etməsi 34 yaşlı forvardın 9 dəfə “Qızıl top”a namizədlər sırasına düşməsinə gətirib çıxarırdı. Ancaq o, heç vaxt ilk “10-luğ”a düşməyib. Nəhayət, Benzema bu il tilsimi qıracaq.

Filippo İnzagi – 7
İnzaginin bəxti onda gətirməyib ki, onun dönəmində bir-birindən güclü hücumçuların sayı kifayət qədər çox idi. Braziliyalı Ronaldo başda olmaqla, bir çox forvard həmişə göz önündə olub. Ancaq İnzaginin adı heç vaxt 10 iddiaçı arasında olmayıb.

Serxio Aquero – 7
İngiltərədə çıxış etdiyi dönəmdə saysız-hesabsız rekordlar qıran Aquero “Mançester Siti”nin beynəlxalq arenada uğur qazanmamasının qurbanı olub. Argentinalı forvardın işi “Barselona”ya keçəndən qaydasında getmir. Artıq ürəyindəki problemə görə karyerasını bitirməsi gündəmə gəlib.

Loran Blan – 6
Müdafiəçinin “Qızıl top”u qazanmaq şansı çox az olur. Yalnız 2006-cı ildə Fabio Kannavaro bunu bacarıb. Blan yüksək səviyyədə çıxış edib, 6 dəfə namizədlər sırasında göstərilməsinə baxmayaraq, son “10-luğ”a qalmayıb.

Patrik Vieyra – 6
Vieyranın qiyməti karyerasını bitirəndən sonra bilinib. Futbol dünyası uzun müddət onun səviyyəsində orta sahə oyunçusu axtarsa da, fransalı səviyyəsində bir futbolçu çıxmırdı. Vieyranın yer aldığı mövqe “Qızıl top” yarışında üst sıralarda qərarlaşmasına mane olub.

Rudi Föller – 6
Föllerin oynadığı dönəmlərdə Almaniya yığması iştirak etdiyi turnirlərdə ən azı finala qədər irəliləyərdi. 1990-cı ildə Bundestim dünya çempionluğunu qazanıb. Bu uğurlara rəğmən Föller “Qızıl top”a iddiaçılar sırasında yuxarı pillələrə düşməyib.