10:12 17-11-2021
news_image
688
FUTBOL

UEFA açıqladı: Azərbaycan yalnız Cəbəllütariq və San Marinonu qabaqlaya bilib

UEFA DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsinin qrup oyunlarından sonra statistik göstəriciləri açıqlayıb.

Apasport.az saytının məlumatına görə, bu müddətdə ümumilikdə 250 oyunda 763 qol qeydə alınıb.

A qrupunu 1 xalla sonuncu pillədə başa vuran Azərbaycan millisi əksər göstəricilərdə ən zəiflər sırasında qərarlaşıb. Yalnız Şahruddin Məhəmmədəliyev ən çox seyv edən qapıçılar sırasına düşüb ki, bu da rəqiblərin yığmamızdan güclü olduğunu göstərir.

- Millimiz seçmə mərhələdə qələbə üzünə həsrət qalan 6 komandadan biridir. Yarışı qələbəsiz başa vuran digər komandalar Qazaxıstan, San Marino, Cəbəllütariq, Moldova və Lixtenşteyndir.

- 5 komandalı qruplarda ən çox məğlubiyyətə üzülən üç komanda var ki, biri də Canni de Byazinin kollektividir. Yığmamız Belarus və Litva ilə yanaşı, keçirdiyi 8 matçın 7-də uduzub. 55 yığmadan yalnız Cəbəllütariq və San Marino matçının hamısında yenilgiyə uğramaqla diqqət çəkib. Azərbaycan, Moldova və Lixtenşteyn isə aktivinə 1 xal yazdırmağı bacarıb.

- Seçmə mərhələni 5 qolla tamamlayan yığmamız ən məhsuldar 50-ci komandadır. Futbolçularımız yalnız San Marino (1 qol), Lixtenşteyn (2), Litva (4), Kipr (4) və Cəbəllütariqi (4) qabaqlamaqla öyünə bilər. Qabaqladığımız komandalardan təkcə Litva bizim kimi 8 oyun keçirib.

- Matçlarda çərçivəyə dəqiq zərbə sayında da ən zəiflərdənik – 17 dəfə. Sadəcə, San Marino (8), Lixtenşteyn (9) və Cəbəllütariq (10) bizdən az qol imkanı yaradıb.

- De Byazinin yetirmələri 8 görüşdə ümumilikdə 20 dəfə korner yerinə yetirib. Bu baxımdan isə Cəbəllütariq (9), Lixtenşteyn (9), Qazaxıstan (13), San Marino (17), Malta (18) və Belarusu (18) qabaqlayırıq.

- Şahruddin Məhəmmədəliyev 8 oyunda 44 seyv edərək, komandasını qoldan ən çox xilas edən 3-cü qapıçıdır. O, yalnız Lixtenşteyn (Benjamin Büçel - 72 seyv) və San Marino (Elia Benedettini - 62) qolkiperindən geri qalır.

- Məhəmmədəliyev eyni zamanda ən çox qol buraxan 6 qapıçıdan biridir. “Qarabağ”ın üzvü 18 dəfə topu tordan çıxarmalı olub. Bu baxımdan ilk “beşlik”də müvafiq olaraq Elia Benedettini (San Marino – 46 qol), Henri Bonelyo (Malta - 30), Benjamin Büçel (Lixtenşteyn - 30), Deyl Koleinq (Cəbəllütariq - 23) və Ofir Marsiano (İsrail - 21) qərarlaşıb.