12:18 17-11-2021
news_image
1028
FUTBOL

Emin Quliyev: “Yığmamız üçün hansısa Andrey, İvan gəlib niyə can yandırsın?” - MÜSAHİBƏ

Azərbaycan millisinin sabiq futbolçusu Emin Quliyevin apasport.az saytına müsahibəsi

- DÇ-2022-nin seçmə qrup mərhələsinə yekun vuruldu. Azərbaycan millisinin yer aldığı A qrupunda cəmi 1 xal toplaması sizin üçün gözlənilən idi?
- Yığmanın heç olmasa qrup sonuncusu olmayacağını gözləyirdik. Amma komandamız 8 oyunun 7-də məğlub oldu, cəmi 1 xal topladı. Milli çox zəif çıxış etdi. Hər şey göz önündədir.

- Sizin vaxtilə yuxarıdan aşağı baxdığınız Lüksemburq yığmamızı hər iki matçda məğlub etdi. Millimizin ildən-ilə daha biabırçı nəticələr göstərməsinin səbəbi nədir?
- Səbəbini deyə bilmərəm, çünki millinin içində deyiləm. Kənardan görünənlərə əsasən söyləyə bilərəm ki, çempionatımızın səviyyəsinin aşağı olması, ölkə xaricində az legionerimizin çıxış etməsi buna birbaşa təsir edən məqamlardır. Xüsusən də, az legionerimizin olmasını vurğulamalıyam. Nə qədər çox oyunçumuz xaricdə yaxşı klublara yollansa, yığmanın uğurlu çıxışına da bir o qədər köməklik göstərər.

- Ancaq əvvəlki illərlə müqayisədə bu il heç də az legionerimiz yoxdur...
- Düzdür, bir neçə legionerimiz var. Amma bu da azdır. Daha çox oyunçunu xaricə göndərmək lazımdır.

- Bu il ərzində yığmada debüt edən 11 futbolçudan 8-i milliləşdirilənlər idi. Bunun yığmamıza, futbolumuza nə kimi xeyri var?
- Şəxsən mən bu proseslərdən narazıyam. Milliləşdirmələrin sayını artırmaqdansa, damarlarından azərbaycanlı qanı axan uşaqlara güvənmək lazımdır. Hansısa Andrey, İvan gəlib niyə can yandırsın?

- Baş məşqçi Canni de Byazi son mətbuat konfransında bildirdi ki, yığmada uğurlu işlər görüb. Onun fəaliyyətinə necə qiymət vermək olar?
- Hansı uğuru qazanıb? Belə açıqlama verirsə, deməli, ələ salır. Hansı uğurdan danışır? Neçə illərdir milliyə əcnəbi baş məşqçi gətirirlər, ortada heç nə yoxdur. Ondansa elə yerli mütəxəssisi təyin edin də. Uşaqlar da azərbaycanlı məşqçiyə daha çox hörmət edərlər, oyunlarda daha çox can yandırarlar. Əcnəbi məşqçilər gəlirlər, yeyib-içirlər, qalanını da yığıb aparırlar.

- Əsas milli ilə yanaşı, aşağı yaş qrupu üzrə yığmalarda da kifayət qədər milliləşənlər var. Bizdə bu dərəcədə futbolçu çatışmazlığı mövcuddur?
- Vallah, niyə bu qədər oyunçu milliləşdirirlər, başım çıxmır. Milliləşənləri də görmüşük. Yeri gələndə, kənarda qalan yerli oyunçu milliləşəndən daha yaxşıdır, yığmaya da daha çox köməyi dəyər. Milliləşmə artıq, lazımsız addımdır. Milli komandan üçün super görünən tək-tük oyunçunu milliləşdirmək olar. Yoxsa, özümüzünkündən də zəifini milliləşdirib, yığmaya çağırırlar.

- 2021-ci ildə həm əsas, həm U-21, həm də U-19 yığmamızın biabırçı məğlubiyyətləri bir-birini əvəz etdi. Razısınız ki, gedişat heç də xoş gələcəkdən vəd vermir?
- Özünüz də görürsünüz, adamın ürəyi ağrıyır. Ölkə olaraq bizdən qat-qat aşağı olan Ermənistanın komandası 12 xal toplayır, biz 1 xal. Bu gedişlə millimizi daha acınacaqlı günlər gözləyir. Çempionatımızda klub sayı çox olanda maraqlı mübarizə gedirdi, yığmaya seçim imkanı da geniş idi. İndi eyni komandalar bir-biriləri ilə oynamaqdan beziblər. Vəziyyəti düzəltmək üçün yeniliklər eləmək lazımdır.

- Nə kimi yeniliklər?
- İllərdir işlər eyni qaydada aparılır, heç bir inkişaf da yoxdur. Sağ olsun “Qarabağ”, uğurlu nəticələri ilə bu uğursuzluqları ört-basdır edir, başlarını qatır. “Qarabağ”ın avrokuboklardakı uğurlu çıxışı sayəsində çox şeyin üstü örtülür. Nə qədər ki futbol adamları kənarda qalacaq, belə də davam edəcək. Futbolu aidiyyəti olmayan insanlar idarə edirlər. Gürcüstan millisinə baxın, oyunları adama ləzzət edir. Çünki hamısı köhnə futbolçulardır. Futbolu futbol oynayanlar bilər. Hər sahənin öz peşəkarı, bacaranı var.

Ruslan Sadıqov