14:12 17-11-2021
news_image
1035
FUTBOL

Rəşad Sadıqovun ehtiyat kartları: Tette və Diallo – YALNIZ BİZDƏ

“Zirə”nin transfer siyahısında olan daha iki futbolçunun adına aydınlıq gəlib.

Apasport.az saytının əldə etdiyi məlumata görə, Bakı təmsilçisi Türkiyə TFF I Liqasında xüsusi fəallıq göstərir.

Qol yollarında bütün yükün Davit Volkovun üzərinə düşməsi baş məşqçi Rəşad Sadıqovu narahat edir. Ağabala Ramazanov, Loris Broqnonun formada olmaması, Velves Santosun ümidləri doğrultmaması, Felipe Paxtmanın isə uzun müddətə zədəli olması məşqçilər korpusunu bu mövqeyə oyunçu axtarışlarına vadar edib.

“Kocaelispor”un qolçusu Dino Ndlovu ilə maraqlanan Rəşad Sadıqova adı təklif edilən oyunçular arasında “Adanaspor”lu Samuel Tette və “Manisaspor”lu Demba Diallo da var. Maraqlıdır ki, həm 25 yaşlı qanalı Tette, həm də 21 yaşlı malili Diallo komandasına bu ilin yayında keçib.

Lakin hər iki forvard yeni klubunda ümidləri doğrultmur, I Liqada hələ də qol hesabını aça bilməyib. Bu üzdən afrikalı futbolçuların nümayəndələrinin onların xidmətini təklif etdiyi klublardan biri də “Zirə”dir. Ancaq məşqçilər korpusu onlara alternativ variant gözü ilə baxır.

Qeyd edək ki, “Zirə” Premyer Liqanın ilk 10 turunda 15 qol vurub ki, onlardan 8-i Davit Volkovun aktivindədir.