12:43 21-11-2021
news_image
295
FUTBOL

14 aylıq həsrətə son və ya ilin ilki

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı istiqaməti üzrə

Azərbaycan kişi futbol yığmaları 2021-ci ili başa vurub.

Apasport.az saytının məlumatına görə, ilin ilk qələbəsi son oyunda əldə olunub.

Bu uğura U-19 millisi imza atıb. Elxan Abdullayevin baş məşqçisi olduğu yığma Avropa çempionatının seçmə mərhələsinin son görüşündə üç xal qazanıb. Millimiz Lüksemburqda təşkil olunan qrupun III turunun qarşılaşmasında meydan sahiblərinə qalib gəlib. Hər hissədə bir qol vuran komandamız 2:0 hesablı qələbə sayəsində 3 xala sevinib.

Bu oyunadək heç bir yığmamız rəsmi xarakterli turnirlərdə qalib gəlməmişdi. Söhbət əsas, U-21, U-19 və U-17 yığmalarının seçmə görüşlərindən gedir. Bu il əsas yığmamız DÇ-2022-nin seçmə mərhələsində mübarizə aparıb. Digər yığmalar isə Avropa çempionatına vəsiqə uğrunda seçmə görüşlərinə çıxıb.

U-19-un Lüksemburqla qarşılaşması bu il ərzində keçirilən 20-ci sınaq olub. U-19-a qədərki 19 görüşdə qələbə görməyən futbolçularımızın ən böyük uğuru heç-heçə olub. Buna da yalnız iki dəfə təsadüf olunub.

Canni de Byazinin baş məşqçisi olduğu əsas milli 8 qarşılaşmada yalnız bir xal götürüb. 7 məğlubiyyəti olan yığma yalınız İrlandiya səfərində sülhə imza atıb.

Digər əcnəbi mütəxəssis Milan Obradoviçin çalışdırdığı U-21-in də qazancı bir heç-heçə olub. Dördü evdə, ikisi səfərdə olmaqla 6 qarşılaşmaya çıxan yığmamız 5 dəfə uduzub. Yeganə sülh Finlandiya ilə ev matçında qeydə alınıb.

De Byazi və Obradoviçin komandaları 14 görüşdə 2 heç-heçə və 12 məğlubiyyətlə üzləşib. Legioner mütəxəssislərin yetirmələri 8 qol vurubsa, öz qapısından 37-ni buraxıb.

İlk və yeganə qələbənin memarı isə yerli mütəxəssis olub. Elxan Abdullayevli komanda 3 qarşılaşmada üç xal toplamağı bacarıb. Yığmalarımızın bu ilə təsadüf edən 20 matçından üçü texniki nəticə ilə başa çatıb.

U-17 yığmamıza hər üç qarşılaşmada məğlubiyyət verilib. Buna millinin bəzi futbolçularının koronavirusa yoluxması səbəb olub. Məhz bu üzdən Aqil Nəbiyevin baş məşqçi kimi qitə miqyasındakı debütü baş tutmadan məğlubiyyətlə nəticələnib.

U-19-a qədər kişi futbol yığmalarının son qələbəsi 2020-ci il sentyabrın 8-də qeydə alınmışdı. Həmin gün Millətlər Liqasında mübarizə aparan əsas yığma Kipr səfərindən zəfərlə dönüb. Canni de Byazinin yetirmələri Maksim Medvedevin qolu ilə 3 xal qazanmışdı.

Həmin matçdan sonra 14 ay qələbə həsrətində olan yığmalarımız 26 uğursuz oyun keçirib. Bu ilə təsadüf edən 19 görüşə qədər ötən il 7 qarşılaşma belə nəticələnib. Kiprdəki qələbədən sonra əsas yığma 3, U-21 isə 4 rəsmi matçda azarkeşlərini qələbəyə həsrət qoyub.


Əsas yığma (baş məşqçi Canni de Byazi)
DÇ-2022-nin seçmə mərhələsi: 8 oyun, 1 heç-heçə, 7 məğlubiyyət, top fərqi 5-18

24.03.2021. Portuqaliya – Azərbaycan – 1:0
30.03.2021. Azərbaycan – Serbiya – 1:2
01.09.2021. Lüksemburq – Azərbaycan – 2:1
04.09.2021. İrlandiya – Azərbaycan – 1:1
07.09.2021. Azərbaycan – Portuqaliya – 0:3
09.10.2021. Azərbaycan – İrlandiya – 0:3
12.09.2021. Serbiya – Azərbaycan – 3:1
11.11.2021. Azərbaycan – Lüksemburq – 1:3

U-21 (baş məşqçi Milan Obradoviç)
AVRO-2023-ün seçmə mərhələsi: 6 oyun, 1 heç-heçə, 5 məğlubiyyət, top fərqi 3-19

02.09.2021. Xorvatiya – Azərbaycan – 2:0
07.09.2021. Avstriya – Azərbaycan – 6:0
08.10.2021. Azərbaycan – Finlandiya – 1:1
12.10.2021. Azərbaycan – Xorvatiya – 1:5
12.11.2021. Azərbaycan – Avstriya – 0:3
16.11.2021. Azərbaycan – Norveç – 1:2

U-19 (baş məşqçi Elxan Abdullayev)
AVRO-2022-nin seçmə mərhələsi: 3 oyun, 1 qələbə, 2 məğlubiyyət, top fərqi 3-11

10.11.2021. Belçika – 1:5
13.11.2021. İspaniya – 0:6
16.11.2021. Lüksemburq – 2:0

U-17 (baş məşqçi Aqil Nəbiyev)
AVRO-2022-nin seçmə mərhələsi: 3 oyun, 3 məğlubiyyət (koronavirusa görə)

06.10.2021. Norveç - -:+
09.10.2021. Belçika - -:+
12.10.2021. Lüksemburq - -:+

Vüqar Xeyrullayev

MEDİA-nın maliyyə yardımı ilə dərc olunurMEDİA-nın maliyyə yardımı ilə dərc olunur