12:31 18-11-2021
news_image
181
FUTBOL

Nikola Yurçeviç: “Sonuncu olmaq Azərbaycan yığmasının hazırkı reallığıdır”

“Təəssüf ki, qrupda sonuncu olmaq Azərbaycan yığmasının hazırkı reallığıdır. Bunu qəbul etmək lazımdır”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin sabiq baş məşqçisi Nikola Yurçeviç deyib.

Xorvatiyalı mütəxəssis yığmamızın DÇ-2022-dəki çıxışı və hazırkı durumunu dəyərləndirib: “Azərbaycan yığmasının indiki futbolçuları pis deyil. Amma İrlandiya və Lüksemburqun oyunçuları daha yaxşıdır. Belə deyək ki, sizinkilər yaxşı, digərləri daha yaxşıdır. Serbiya və Portuqaliya isə möhtəşəmdir. Fərq də budur”.

Yurçeviç Azərbaycan yığmasının qrupda cəmi 1 xal toplamasına, hansı halda daha artığına ümid edə bilməsinə də aydınlıq gətirib: “Qrupda San-Marino və ya Cəbəllütariq olsaydı, Azərbaycan 6 xal artıq toplayardı. Əgər güclülərlə rəqabət aparmaq istəyirsizsə, daha çox artırmalısız. Azərbaycan futbolçuları Avropaya getməlidir. Beynəlxalq təcrübəli daha çox oyunçunuz olmalıdır. Daimi beynəlxalq təcrübəyə yalnız “Qarabağ”ın bir neçə futbolçusu malikdir. Səviyyəni yalnız bu yolla artırmaq olar”.

“Azerisport”a müsahibə verən Yurçeviç xələfi Canni de Byazinin tənqid olunmasına da münasibət bildirib: “Düşünmürəm ki, bu nəticələr onun işinin bəhrəsidir. Daha artığını deyim. O, bunda heç günahkar deyil. De Byazi yaxşı məşqçidir. Yığmaya yerli və ya xarici məşqçinin gətirilməsi sualının cavabını bilmirəm. Ümid edirəm ki, AFFA düzgün qərar verəcək. Qarşıda Millətlər Liqası var. Ənənəvi olaraq Azərbaycanın burada şansı daha çoxdur. Burada yaxşı nəticə göstərmək üçün real şans var. Niyə də birinci yer üçün mübarizə aparılmasın”.