16:25 19-11-2021
news_image
1265
FUTBOL

“Sabah”ın yazılmamış qanunları: Musayevin “qara siyahı”sı

Transfer çalışmalarını davam etdirən “Sabah”ın yeni baş məşqçisi Murad Musayev digər tərəfdən də “qara siyahı”sını müəyyənləşdirir.

Apasport.az saytının əldə etdiyi məlumata görə, rusiyalı mütəxəssisin sərəncamında görmək istəmədiyi 5 futbolçu artıq bəllidir.

Nadir hallarda meydança üzü görən qapıçı Saşa Stemankoviç və müdafiəçi Arsen Ağcabəyov, müdafiədə etibarlı görünməyən Zurab Oçiqava, eyni zamanda ümidləri doğrultmayan yarımmüdafiəçi Xuan Kamara və hücumçu Mixeil Erqemlidze gənc çalışdırıcının planlarına daxil deyil.

İlk dörd oyunçunun klubla müqaviləsi mövsümün sonuna qədərdir. Musayev qış fasiləsində onlardan qurtulmağa çalışacaq. Stemankoviç, Ağcabəyov və Oçiqava ilə yeni müqavilə imzalanmayacaq, icarəyə götürülən Kamara isə məxsus olduğu “Yagelloniya”ya qaytarılacaq.

Erqemlidzenin durumu rəhbərliyin əl-qolunu bağlayır. Çünki gürcüstanlı forvardın sözləşməsi 2024-cü ilin yayına qədərdir. Bakılılar qışda icarəyə vermək üçün ona klub axtaracaq.

Qeyd edək ki, bu mövsüm Premyer Liqada Mixeil Erqemlidze 7 (232 dəqiqə), Zurab Oçiqava (418) ilə Xuan Kamara (390) 6, Saşa Stamenkoviç (90) və Arsen Ağcabəyov (90) isə 1 görüşdə iştirak edib. Yalnız Kamara aktivinə 1 qol yazdırıb.