15:01 19-11-2021
news_image
458
FUTBOL

Qurban Qurbanov "Neftçi"nin daha bir futbolçusuna elçi düşdü

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Neftçi”nin futbolçusu Yusuf Lavala elçi düşüb.

Apasport.az saytı xəbər verir ki, “sportinfo” bu barədə məlumatı paytaxt klubundan əldə edib.

Bildirilib ki, qarşı tərəf nigeriyalı yarımmüdafiəçi ilə yaxından maraqlanır. Afrikalı vingerin özü də bundan xəbərdardır və danışıqlar aparmağa hazırdır.

“Ağ-qaralar”ın mərakeşli legioneri Sabir Buqrin də “Qarabağ”ı arzulayır.

Baxmayaraq ki, “Neftçi” ona növbəti dəfə yeni müqavilə təklif edib. Bakılılar ağ-qara formanı ikinci mövsümdür geyinən yarımmüdafiəçiyə daha yaxşı şərtlər irəli sürüb.

25 yaşlı orta sahə oyunçusu 2+1 illik sözləşmə ilə razılaşsa, növbəti mövsümdə 200 min dollar qazanacaq və bu məbləğ hər il bir qədər də artacaq. Hazırda isə onun aylıq gəliri 7-8 min dolları keçmir.

Belçika pasportuna da malik Sabirin “Neftçi”yə “Düdelanj”dan gəlməsini xatırladaq. Onun kontraktı mövsümün sonunda bitəcək.

Ərəb əsilli legioner son vaxtlara kimi “Neftçi” rəhbərliyinin müqaviləni uzatmaqla bağlı bir neçə çağırışını geri çevirib. İndiki təklifə nə cavab verəcəyi isə böyük maraq doğurur.

Hər halda bilinir ki, “Qarabağ” Buqrinlə yaxından maraqlanır. Belçika, Türkiyə, Yunanıstan və Rusiyadan da dəvətləri var.

Lavala gəlincə, onun “Neftçi” ilə sözləşməsinin bitməsinə hələ qalıb. Nigeriyalı burada 9000 dollar maaş alır.

Klubun o vaxtkı idman direktoru Ceyhun Sultanovun birbaşa istəyi və israrı ilə transfer olunan afrikalını yayda Belçika, İsrail və Türkiyə klublarının da istədiyini xatırladaq.

“Aşdod” və “Makkabi” (Hayfa) Lavala konkret təklif irəli sürmüşdü. Gəl ki, “Neftçi”nin 500 min avroya yaxın təzminat istəməsi vingerin onlarla anlaşmasının önünü kəsdi.