22:00 20-11-2021
news_image
692
FUTBOL

Yığmanın sabiq futbolçusu: “Əcnəbinin nə vecinə, udsa da, uduzsa da aylıq pulunu alır

“Millinin nəticələri hamı kimi, məni də çox üzür”.

Bunu apasport.az saytına açıqlamasında futbol veteranı Azər Həşimov Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsindəki çıxışına münasibət bildirərkən deyib.

U-21 yığmamızda çıxış etmiş 38 yaşlı mütəxəssis istər əsas, istərsə də aşağı yaş qrupu üzrə yığmaların 2021-ci ildəki nəticələrinin ürəkaçan olmadığını söyləyib: “Azərbaycan yığmalarının builki nəticələri xoş gələcək vəd vermir. U-21-in də, əsas yığmanın da baş məşqçisi əcnəbidir. Hər şeyi kökdən dəyişməliyik. Düzdür, çox gecikmişik, amma yavaş-yavaş uşaq futboluna diqqət artırmaq lazımdır. Rəşad Sadıqov U-21-in baş məşqçisi kimi Milan Obradoviçdən pis işləyirdi? Elə Qurban Qurbanov əsas millidə olduğu zaman qurulan strategiya ilə davam etsəydilər, bu gün 1 yox, azı 11 xalımız olardı”.

Hazırda Region Liqasında çıxış edən “Energetik” komandasının məşqçisi kimi çalışan Həşimov yığmaya yerli mütəxəssisin təyinatının tərəfdarıdır: “Millidə damarlarında Azərbaycan qanı axan şəxs baş məşqçi olmalıdır. Çünki mentalitetimizi özümüzdən yaxşı bilən olmaz. Üstəlik, yerli məşqçi futbolçuları Canni de Byazidən də, Nikola Yurçeviçdən də, digərlərindən də yaxşı tanıyır. Birdəfəlik başa düşmək lazımdır ki, əcnəbi məşqçi ancaq pulumuzu yeyib gedəcək. Başqa ölkə nümayəndəsi heç vaxt yerli kimi can yandırmaz. AFFA baş məşqçi seçəndə gərək hərtərəfli araşdırsın. Neçə dəfə seçimdə yanılmaq olar? Əziyyətlə qazanılan pullar əcnəbilərin cibinə gedir. Yoxsa pulumuzu yeyib gedirlər. Həmin pulun 1/4-ni azərbaycanlıya ver, canını qoyacaq. Əcnəbinin nə vecinə, udsa da, uduzsa da aylıq pulunu alır. Müharibəni necə qazandıq? Bütün xalq olaraq bir yumruq kimi birləşdik. Orda ki əcnəbi yox idi. Futbolda da özümüz nəsə eləməliyik”.

Qeyd edək ki, millimiz DÇ-2022-nin seçmə mərhələsində 8 oyunda 1 xal toplayaraq, qrup sonuncusu olub.