21:07 19-11-2021
news_image
140
FUTBOL

Sənan Qurbanov: "Sonuncu olmaq heç kimə xoş deyil"

“Qarabağ”la səfərdə oynamaq çox çətindir”.

Apasport.az saytının məlumatına görə, bunu “Keşlə”nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının XI turunda “Qarabağ”la keçirilən oyun barədə danışarkən deyib.

Turun ilk matçında “Azersun Arena”da rəqibin qonağı olan paytaxt təmsilçisi meydanı 0:1 hesablı məğlubiyyətlə tərk edib.

Oyunsonrası mətbuat konfransında Sənan Qurbanov komandasının çıxışını dəyərləndirib: “Rəqib istənilən oyunda topa daha çox sahib olur. Müdafiədə kompakt oynamaq istəyirdik. Əks-hücumlar zamanı topu irəlidə çox saxlaya bilmədik. Bu da məğlubiyyətə səbəb oldu. “Qarabağ”ın qol imkanları daha çox oldu”.

- Görüş ərzində çərçivəyə bir zərbəniz də olmadı. İkinci hissədə sistemi dəyişsəniz də, yenə heç nə dəyişmədi. Hücum xəttindən razısınız?
- Bizi üzən məqam odur ki, qol imkanı yarada bilmədik. Bu da topu tez-tez itirməkdən qaynaqlanırdı. Halbuki hücumçulara bunu tapşırmışdıq. Bütün oyunu müdafiədən keçirmək fikrimiz yox idi. Amma rəqib də pressinq edirdi.

- Komandanın adının dəyişməsi ilə bağlı rəhbərlik tərəfindən nəsə vəd olunub?
- Bu barədə heç söhbət etməmişik. Hansı planlar üzərində işləyəcəyimizi danışmamışıq. Mövsümün sonunu gözləyirik.

- Komandanın adının dəyişməsi sizin üçün nəyi dəyişəcək?
- Sadəcə ad dəyişəcək və bu klub Şamaxını təmsil edəcək.

- Mərkəz müdafiəçisi mövqeyində cinah müdafiəçiləri çıxış edirdi. Onların çıxışından razı qaldınız?
- Bəli, məcburiyyətdən cinah müdafiəçilərini oynatdıq. Rəqib sağ cinahda daha fəal idi. Bu üzdən belə addıma əl atdıq.

- Komanda son pilləni tutsa da, növbəti mövsüm yenə Premyer Liqada çıxış edəcək. Bu amil sizə rahatlıq yaratmır?
- İstənilən halda heç kim axırıncı yeri tutmaq istəmir. Hətta “Qarabağ”a məğlubiyyətə görə də məyusam. Bəlkə komanda sayı çox olsa birinci diviziona yuvarlanarıq. Ötən mövsüm də inanılmaz mübarizə apardıq. Son pillələrdən qurtulduq, sonda avrokuboklara getdik. Birinci diviziona getməsən belə, sonuncu olmaq heç kimə xoş deyil.