21:18 19-11-2021
news_image
324
FUTBOL

Qurban Qurbanov: “Sonluq aşağı səviyyədə oldu”

“Futbolçularımı təbrik edirəm. Bizim üçün uzun fasilə idi”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XI turunda “Keşlə” ilə keçirilən oyundan sonra deyib.

Turun açılış matçında rəqibini “Azersun Arena”da qəbul edən Ağdam təmsilçisi 1:0 hesablı qələbəyə sevinib.

Qurban Qurbanov qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında fikrini bu sözlərlə davam etdirib: “Hamının bir yerdə olmaması ritmdən uzaqlaşmağa səbəb olur. Bu gün sonluq aşağı səviyyədə oldu. Amma ümumilikdə oyunu idarə etmək baxımından yaxşı alındı. Bəlkə də, ən çox qol epizodu yaratdığımız matçlardan biri oldu. Futbolçular 90 dəqiqə topa nəzarəti itirmədilər. “Keşlə”nin yaxşı hücum potensialı olsa da, müdafiədə diqqətli oynadıq”.

- Maksim Medvedevin durumu nə yerdədir?
- Məncə normal olmalıdır. Əzələ yorğun olanda ağrı hiss edirsən. Sabah dəqiq bilinəcək.

- “Omoniya” ilə görüş öncəsi bu qədər qol şansını qaçırmaq sizi narahat etmir?
- Belə oyunlar çox olub. İstənilən halda qol dəqiqliyini yaxşılaşdırmaq olar. Bəzən minimal sayda imkanımız olsa da, 2-3 qol vurmuşuq. İnanıram ki, futbolçular daha diqqətli olacaqlar. Narahatlıq olduğunu deməzdim. Dinamikanı sona qədər qorumaq üçün daha bir neçə məşqimiz olacaq.