11:40 20-11-2021
news_image
136
FUTBOL

3,5 illik həsrətin davamı: “Keşlə” nəhsdə

Azərbaycan Premyer Liqasının XI turunun açılış matçında “Qarabağ”a məğlub olan “Keşlə” tilsimi qıra bilməyib.

Apasport.az saytının məlumatına görə, “Azersun Arena”da Ağdam klubunun 1:0 hesabı ilə qalib gəldiyi oyunla bakılıların rəqibi üzərində qələbə həsrəti davam edib.

“Keşlə” Premyer Liqada artıq 13 oyundur ki, “Qarabağ”la duellərdə 3 xal üzü görməyib – 5 heç-heçə, 8 məğlubiyyət. Nəhs rəqəmə çatmaq 3,5 il vaxt alıb. Bakılılar sonuncu dəfə 2018-ci il mayın 12-də öz meydanında “Qarabağ”ı 3:0 hesabı ilə məğlub edib. 

Eyni zamanda Azərbaycan kubokunun son qalibi 4 il 9 aydır ki, “Qarabağ”ı səfərdə üstələyə bilmir. Paytaxt təmsilçisi axırıncı dəfə 2017-ci il fevralın 28-də rəqib meydanında qalibiyyətə sevinib. Həmin dönəmdən bəri baş tutan 7 görüşün 5-də qələbə qazanan ağdamlılar 2 dəfə də rəqiblə bərabərə qalıb.

Qeyd edək ki, “Keşlə” ilə “Qarabağ” arasında cari mövsümün ilk dövrəsindəki görüşdə 1:1 hesabı qeydə alınıb.