18:19 21-11-2021
news_image
590
FUTBOL

Ayxan Abbasovdan ayrılıq mesajı: “Bəlkə də, vaxtı gəlib, getmək lazımdır” - MÜSAHİBƏ

“Qəbələ” bu mövsümə çox yaxşı başlayıb. Evdə üstün çıxış etmək istəyəcəyini də bilirdik. Buna da hazır idik”.

Apasport.az saytının məlumatına görə, bunu “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının XI turunda “Qəbələ” ilə keçirilən oyun barədə danışarkən deyib.

Qəbələ şəhər stadionunda keçirilən görüşdə qonaq komanda 1:2 hesabı ilə məğlub olub. Abbasov oyunsonrası mətbuat konfansında fikrini bu sözlərlə davam etdirib: “Təəssüf ki, ikinci hissədə bir neçə dəqiqəlik diqqətsiz oynadıq, konsentrasiyanı itirdik. Qapımızda da qollar gördük. Ondan sonra nələrisə dəyişməyə, hücuma atılmağa çalışdıq. Bir top vursaq da, bərabərlik əldə edə bilmədik. Üzücüdür, çünki itkilərimiz var idi. Bu matçdan sonra daha da çoxaldı. Ehtiyat qüvvənin az olması, rotasiyalar edə bilməməyimiz bizə çətinlik yaradır. Qış fasiləsinə qədər 3 oyun var. Futbolçulara da dedim ki, təslim olmaq olmaz. Maksimum güclə oynamaq lazımdır. Futbolçulara da deyirdim ki, bura qalxmaq asandır, burada qalmaq çətindir. Bəzi oyunçular mövsümün əvvəlində formada olmadılar, zədələr oldu. Kollektivi tam komplektləşdirə bilmədik. Bəlkə də, xeyirlisi budur. Əlimizdə olanlarla maksimum çıxış etməyə çalışırıq. Digər rəqiblər də güclənib. “Qəbələ” iki il idi nəticə göstərməsə də, təslim olmurdu, yeniliklər axtarırdı. Yeni gələn futbolçular bu gün çempionata rəng qatır. Bu da bir nümunədir. Öz komandamın həmişə arxasındayam. Qalan matçları keçirib, düşünəcəyik. Bir az çətinlik də çəkirəm. Bəlkə də, nəyisə dəyişmək lazımdır. Bəlkə də, vaxtı gəlib, getmək lazımdır. Bu üç oyunu keçirdikdən sonra düşünəcəyəm. Çünki maksimumu elədiyimizi hiss edirəm. Bundan artığını etməyə gücümüz çatmadı. Bunun üçün yeni nəfəslər lazım idi. Yəqin ki, qarşıdakı 3 matçdan sonra rəhbərliklə görüşəcəyəm. “Sumqayıt”la böyük uğurlar qazanmışıq. Müqaviləm davam edir, ehtiyac olarsa, davam edəcəyik. Amma belə çox çətindir. Vəziyyətdən çıxmaq lazımdır. Elə mövqelərimiz var ki, orada, demək olar ki, oyunçu yoxdur. Növbəti turda Vüqar Mustafayev çıxış etməyəcək. Orta sahədə, demək olar ki, futbolçu yoxdur. Cavanlara da güvənirik. Ancaq yuxarı pillələrdə qalmaq üçün bu yetərli deyil. Güc lazımdır. Bu futbolçular “Sumqayıt”a bürünc medal qazandırıblar, iki dəfə kubokun finalında çıxış ediblər. 1-2 oyunla heç kimin üstündən xətt çəkə bilmərik, heç kimin də üstünə gedə bilmərik. Bu anlarda da oyunçuların arxasında olmalıyam. Onlara da dedim ki, maksimum gücümüzü ortaya qoyaq, ondan sonra fikirləşməyə vaxtımız olacaq”.

- Bu, “Sumqayıt”ın, yoxsa Ayxan Abbasovun maksimumudur? Bu açıqlama ilə sanki rəhbərliyə də mesaj göndərdiniz ki, bundan artığını etmək mümkün deyil...
- Vida deyil. Sadəcə, oyundan sonra geniş danışmağa çalışıram ki, azarkeşlər bizi başa düşsünlər. Azarkeşlər komandanın daxilini bilmirlər, matçdan sonra məşqçinin açıqlamasını gözləyirlər ki, nə demək istəyir. Ayxan Abbasovun maksimumu deyil. Özümə həmişə inanmışam. “Sumqayıt”da da bu rəhbərliklə yüksək pillələrə çıxmışıq. Rəhbərliyə heç bir mesajım yoxdur. Bəzi məsələlər rəhbərlikdən də asılı deyil. Riad Rəfiyev məni dəvət edəndə ilk görüşümüzdə dedik ki, “Sumqayıt”ı iddialı komandaya çevirməliyik. Komanda həmin vaxtlar sanki klubsuz qalan, zədəli futbolçuları yığırdı. Riad Rəfiyevlə birlikdə çox çətin yol keçmişik, ağır günlər olub. Vaxt olub rəhbərlik mənim arxamda durub. Avrokuboklarda ilk dəfə iştirak edəndə çox futbolçu bizi tərk elədi. Həmin vaxt da mən rəhbərliyin arxasında oldum, getməyi düşünmədim. Mən də öz tərəfimdən onlara “çox sağ ol” borclu idim. Tam qərar verməliyik, yarımçıq iş alınmır. Həqiqətən də, avrokuboklara iddia ediriksə, o yolu seçməliyik və ona gücümüz çatmalıdır. Açığı, rəhbərlik qarşıma avrokuboklara vəsiqə qazanmağı tələb eləmir, üstümə gəlmir. Amma mənim özümə çətindir. Hiss edirəm ki, bəzi futbolçuların fikirləri başqa yerdədir. Təkliflər olur, bizdə maksimuma çatırlar, gedirlər. Həmin mövqelərə yeni oyunçular, bunun üçün maliyyə lazımdır. Rəhbərliyin burada heç bir günahı yoxdur. Büdcəmizə uyğun komanda qurmuşuq. Bəlkə də, qışdan sonra belə davam edəcəyik. Heç vaxt işdən qorxmamışam. Gələcək, özüm üçün qərar verməliyəm.

- Vurğun Hüseynovun qırmızı vərəqə aldığı epizodla bağlı nə deyə bilərsiniz?
- Son müdafiəçinin başına belə hadisələr gəlir. Diqqətli olmaq lazımdır. Son dəqiqələrdə hücumda idik, rəqibin Utziq, Rövlan, Ülvi kimi sürətli oyunçularının olduğunu bilirdik. Epizoda baxmaq lazımdır ki, son ümid foulu idimi, qapıçı çatırdımı? Nəsə deməyimiz düz çıxmaz. Müdafiəçilər də diqqətli olmalıdır. Qırmızı vərəqə təkcə bu görüşdə yox, qarşıdakı matçda da bizi çətin duruma salır. Murad Xaçayevin olmaması, Elvin Bədəlovun zədəli olması komandaya nə qədər təsir edir. Zədəlilərimiz də üst-üstə düşdü. Vurğun da bilərəkdən bunu eləmək istəməz. Bəlkə də, yıxmasaydı, rəqib təkbətəkdən qol vurardı. 

- “Səbail”ə qarşı iki, bu gün isə bir hücumçu ilə meydana çıxdınız. İkinci hissədə hücumçuların sayını artırdınız. Sizcə, ilk dəqiqələrdən həmin matçdakı sistemlə çıxsaydınız, daha effektli olmazdı?
- Hesab 0:0 olanda ikinci hücumçunu meydana buraxdıq. Qol buraxandan sonra Xəzər Mahmudov da meydana çıxdı. Son dəqiqələrdə geridə idik, hücumda aktiv olduq. İki hücumçu ilə oynamaq çox yaxşıdır, bunu mən də istəyirəm. Amma iki hücumçunun kənarları, orta xətdə vəziyyətimiz istədiyimiz kimi deyil. Həmişə bundan istifadə edirik. Birinci hissədə irəlidə epizoda girə bilməsək də, düz oynayırdıq, rəqibə oynamaq imkanı vermirdik. “Qəbələ” ikinci hissəyə yaxşı başladı, o təzyiqin fonunda çox toplar itirdik. Xüsusən də, orta sahədəki top itkisi birinci qolu buraxmağımıza səbəb oldu. “Qəbələ”nin bu hücumlarına hazır idik. Onların orta xətdə sürətli çıxdıqlarını bilirdik. Ola bilsin ki, növbəti oyunlarda iki hücumçu ilə çıxış edək. Amma məğlub oluruqsa, risk eləməli idik və bu addımı da atdıq.