18:22 21-11-2021
news_image
163
FUTBOL

Elmar Baxşıyev: “Heyət daha da genişlənməlidir” - MÜSAHİBƏ

“Bizi ağır oyun gözlədiyini bilirdik. “Sumqayıt” təşkilatlanmış, meydançada öz dəst-xətti ilə seçilən komandadır”.

Apasport.az saytının məlumatına görə, bu sözlər “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyevə məxsusdur.

41 yaşlı çalışdırıcı Azərbaycan Premyer Liqasının XI turunda “Sumqayıt”a 2:1 hesabı ilə qalib gəldikləri görüşdən sonrakı mətbuat konfransında komandasının çıxışını dəyərləndirib: “Şükürlər olsun ki, matça yaxşı başlamasaq da, ikinci hissədə toparlandıq. Əzmkarlıq göstərərək, layiqli qələbə qazandıq”.

- İki fərqli hissə izlədik. Birinci hissədə komandanıza nə olmuşdu?
- Bu, gözlənilirdi. Millinin oyunları ilə əlaqədar fasilə yaranmışdı və yoxlama görüşü də keçirməmişdik. Heyət olaraq sıxıntımız var idi, zədəlilərimiz çox idi. Oyun planında çətinlik çəkəcəyimizi bilirdik. Amma komanda getdikcə öz oyununu qaytara bildi.

- Ülvi İsgəndərov komandanın xilaskarına çevrilib. Razısınız ki, o, sonradan meydana daxil olanda daha yaxşı effekt verir?
- Ülvi heyətdə oynayanda da effektini görürük. Sadəcə belə alınır ki, ehtiyatdan meydana daxil olanda qollar vurur. Ülvi potensialı yüksək hücumçudur. O, daha yaxşı ola bilər.

- Ehtiyat oyunçular skamyasında cəmi 5 oyunçu var idi. Turnir cədvəlinin ikinci pilləsində qərarlaşdığınızı və iddialı olduğunuzu nəzərə alsaq, qış fasiləsi ilə bağlı planlarınız nələrdir?
- Bu komandanı formalaşdıranda da elə futbolçulara sahib olmuşuq ki, hamısının xarakteri yüksəkdir. Əlbəttə ki, heyət daha da güclənməli, genişlənməlidir. Hər şey büdcədən asılıdır. İmkan yaranarsa, yeni oyunçuların qoşulmasını istəyərdim.