09:16 22-11-2021
news_image
300
FUTBOL

“Sabah” futbolçuları əlcək kimi dəyişən klubdur – CİES açıqladı

Azərbaycan Premyer Liqasında il ərzində ən çox futbolçudan istifadə edən komandanın adına aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, CİES futbol observatoriyasının araşdırmasına əsasən, “Sabah” 2021-ci ildə ən çox futbolçuya şans verən klubdur.

Tez-tez baş məşqçi dəyişməklə yadda qalan “Sabah” il ərzində 40 oyunçunun xidmətindən yararlanıb. Onu 37 futbolçu ilə paytaxtın digər təmsilçisi “Səbail” izləyir. Bu il “Neftçi”də 35, “Keşlə”də 34, “Sumqayıt”da 33, “Qəbələ” və “Zirə”də 32 futbolçu meydana çıxıb.

Premyer Liqanın lideri “Qarabağ” ən az oyunçudan yararlanıb. Stabil heyətə malik Ağdam təmsilçisi 27 futbolçunun xidmətinə ehtiyac duyub. “Səbail” və “Qarabağ” bu il 30, digərləri isə 29 matç keçirib.

Ümumiyyətlə, CİES dünyanın 84 yüksək liqasında iştirak edən komandaların analoji göstəricilərini araşdırıb. “Aurora” (Boliviya – 39 oyun), “Kolo Kolo” (Çili - 47), “Yuventude” (Braziliya - 48) və “Royal” (CAR - 40) il ərzində 61 oyunçudan istifadə ediblər ki, bu, ən yüksək rəqəmdir. “Böyük beşlik” ölkələri arasında rekord “Cenoa”ya məxsusdur. İtaliya A seriyası təmsilçisi 43 görüşdə 50 futbolçu oynadıb.

Dünyanın ən kasad heyətə malik komandası isə “İnter Turku”dur. Finlandiya təmsilçisinin bu müddət ərzində 27 matçında ümumilikdə 21 oyunçu meydana çıxıb.