10:37 22-11-2021
news_image
809
FUTBOL

Kamran Quliyevin fiaskosu – sonuncu belə hadisədə istefa olub

“Neftçi” Azərbaycan Premyer Liqasında məğlubiyyətləri sıralayır.

Apasport.az saytının məlumatına görə, Samir Abasovun yetirmələri son çempionu yaraşmayan nəticələri ilə azarkeşlərini üzməyə XI turda da davam edib.

“Qarabağ”a 0:4, “Keşlə”yə 2:3 hesabı ilə uduzan “ağ-qaralar” bu dəfə “Sabah” qarşısında aciz qalıb – 1:2. Paytaxt derbilərindəki yenilgilər minimal fərqlə qeydə alınsa da, heç də “Qarabağ” darmadağınından az acınacaqlı deyil.

Hər iki görüşdə fasiləyə üstün yollanan “Neftçi” ikinci hissədə aşkar acizlik nümayiş etdirib. Üstəlik, indiyədək uduzmadığı “Sabah”a ilk dəfə sevinc bəxş edib.

“Neftçi”nin tarixinə nəzər salsaq, əvvəlki günlərindən əsər-əlamət qalmayan bakılılar son 10-12 ildə dəfələrlə belə uğursuz seriyalar yaşayıb. Paytaxt klubunun 3-5 matçda xalsız qalması az qala adi hal kimi də qarşılana bilər.

Hərçənd, sonuncu belə hadisə 2017/18 mövsümünün əvvəlinə təsadüf edib. 2017-ci ilin sentyabrında “Neftçi” ardıcıl üç dəfə uduzub. “Sumqayıt”a 0:1, “Zirə” və “Qəbələ”yə 1:2 hesabı ilə məğlub olan “ağ-qaralar” həmin illərdə qara zolaqdan çıxa bilmirdi. 

Lakin sonrakı 50 ayda ardıcıl 3 məğlubiyyət yaşanmamışdı. Bu, Kamran Quliyevin klub prezidenti, Samir Abasovun baş məşqçi olduğu müddətdə ilk belə ağır fiaskodur. Ümumiyyətlə, onlardan heç biri bu seriyaya qədər “Neftçi”nin bir dəfədən çox uduzmasını görməmişdi. Sonuncu üç matçlıq məğlubiyyət seriyası isə Orxan Hüseynzadənin prezidentliyi dövrünə düşür. Bu qarşılaşmalardan birində Elşad Əhmədov, ikisində Tərlan Əhmədov baş məşqçi idi. “Neftçi”də ardıcıl üç məğlubiyyət (texniki nəticə ilə dörd) alan sonuncu baş məşqçi Elxan Abdullayev olub. O, 4 il əvvəl belə seriyadan sonra postundan ayrılmışdı. Görəsən, bu dəfə kim gedəcək?

Amma məğlubiyyətlər uğursuzluğun bir tərəfidir. Digər yandan komandanın qapısı rəqiblər üçün az qala “aşsüzən”ə dönüb. Çempion olandan sonra Premyer Liqada 11 matça çıxan komanda 10 oyunda qol buraxıb. Bu mövsümün yalnız “Keşlə” ilə görüşündə (3:0) “Neftçi”nin qapısı toxunulmaz qalıb. Son 7 qarşılaşmada isə bütün rəqiblər - gələn də, gedən də qol sevinci yaşayır. Əslində, bunun özü də adiləşmiş haldır. Cəmi iki il əvvəl də “Neftçi” ardıcıl 7 oyuna qol buraxıb. Daha uzun seriyalar da olub. Ancaq görünən odur ki, indiki seriyalar da uzanacaq, uzanmasa da hələ çox təkrarlanacaq.