17:32 23-11-2021
news_image
222
FUTBOL

Premyer Liqa tarixinin ən yaddaqalan 6 ANTIREKORDU

İngiltərə Premyer Liqasında 12 tur geridə qalmasına baxmayaraq, “Nyukasl” hələ də qələbə üzünə həsrətdir.

Apasport.az saytının məlumatına görə, “sağsağanlar” bu gedişlə Premyer Liqa tarixində mövsümün startında ən uzun müddət qələbə üzü görməyən komandaya çevriləcək.

Bunu nəzərə alıb Premyer Liqa tarixinin ən yaddaqalan 6 antirekordunu xatırlatmaq qərarına gəldik. Beləliklə...

1. Ən uzun məğlubiyyət seriyası: “Sanderlend” - 15 oyun
“Sanderlend” 2002/03 mövsümündə 19 xalla Premyer Liqanı sonuncu yerdə tamamladı və elitanı tərk etdi. Çempionatın XXIV turundan son tura qədər ardıcıl 15 matçda xala həsrət qalan komanda Premyer Liqa tarixinin ən uzun məğlubiyyət seriyasına malikdir.

2. Ən uzun məğlubiyyət seriyalı start: “Portsmut” - 7 oyun
“Portsmut” 2009/10 mövsümünə ardıcıl 7 yenilgi ilə başladı. Mövsümü 24 məğlubiyyətlə tamamlayan komanda topladığı 19 xalla sonuncu yeri tutdu və Çempionşipə yuvarlandı.

3. Ən uzun seriyalı qələbəsiz start: “Kuinz Park Reyncers” - 16 oyun
2011/12 mövsümündə 1 xallıq fərqlə elitada qalan KPR növbəti mövsümün ilk 16 görüşündə isə qələbə üzünə həsrət qaldı. İlk 16 matçın 7-də heç-heçə edib, 9-da uduzan “Kuinz Park Reyncers” 17-ci sınağında birinci qalibiyyətini qazansa da, mövsümün sonunda yüksək liqanı tərk etdi. Komanda 25 xalla sonuncu yeri tutdu.

4. Ən uzun qol qolsuzluq seriyası: “Kristal Pelas” - 9 oyun
“Kristal Pelas” 1994-cü il noyabrın 5-də “İpsviç”lə matçın 87-ci dəqiqəsindən 1995-ci il yanvarın 14-də “Lester”lə görüşün 23-cü dəqiqəsinə qədər qol üzü görmədi. Düz 9 oyun qola həsrət qalan komanda ümumilikdə 838 dəqiqə rəqib qapısına yol tapmamaqla Premyer Liqa antirekordunu qırdı.

5. Ən uzun qələbəsizlik seriyası: “Derbi Kaunti” - 32 oyun
“Derbi Kaunti” 2007/08 mövsümündə cəmi 1 qələbə qazanıb, 8 dəfə isə bərabərə qaldı. Ümumilikdə 11 xalla sonuncu yerdən qurtulmaq mümkün olmadı. Yeganə qələbə VI turda əldə edildi. Komanda sonrakı 32 turda qalibiyyət üzü görmədi ki, bu, Premyer Liqa tarixinin ən uzun seriyasıdır.

6. Ən uzun müddət qol buraxma seriyası: “Vest Bromviç” - 34 oyun
“Vest Bromviç” 2010/11 mövsümünün cəmi 2 oyununda qapısının toxunulmazlığını qoruya bildi. II turda “Sanderlend”i 1:0 hesabı ilə üstələyən komanda ondan sonra ardıcıl 34 görüşdə qapısında top gördü. “Vest Bromviç” bir də XXXVII turda “Everton”a qalib gəldiyi (1:0) qarşılaşmanı qol buraxmadan tamamladı.