10:14 24-11-2021
news_image
235
FUTBOL

“Qarabağ” ONa doğru

Konfrans Liqasının qrupunda “Omoniya”nı qəbul edəcək “Qarabağ” avrokubokların əsas mərhələsində 10-cu qələbəsini qazana bilər.

Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi indiyədək qrup mərhələlərində 9 dəfə qalib gəlib.

Qurban Qurbanovun yetirmələri qitə miqyaslı turnirlərdə təsnifat mərhələləri nəzərə alınmadan qələbə qazanan yeganə Azərbaycan klubudur.

“Qarabağ” Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında ümumilikdə 8-ci dəfə qrupda mübarizə aparır. Əvvəlki 46 görüşdə təmsilçimiz 9 dəfə üç xala sevinib.

Bu görüşdəki məhsuldarlıq da yubileylər vəd edir. “Qarabağ” 2 qol vursa, qrup mərhələlərində 40-cı dəfə fərqlənəcək. Darmadağına nail olacağı halda isə ümumi qol sayında 150-yə çatacaq. Hazırda ağdamlıların hesabında 38-i qrupda olmaqla 146 avrokubok qolu var.

Qeyd edək ki, sabah keçiriləcək “Qarabağ” – “Omoniya” matçı saat 21:45-də başlayacaq.