14:53 24-11-2021
news_image
393
FUTBOL

“Neftçi”də peşəkarlar çalışmır, klub həvəskar səviyyədə idarə olunur” - SORĞU

“Neftçi”nin Premyer Liqanın son 3 turunda məğlubiyyətləri sıralaması azarkeşlərin ciddi narazılığına yol açıb.

Apasport.az saytının feysbuk səhifəsində keçirdiyi sorğunu cavablandıranlar komandanın düşdüyü durumla bağlı fikirlərini bölüşüb.

“Sizcə, “Neftçi”də son oyunlardakı uğursuzluğun günahı kimdədir”, - sualına rəy bildirən azarkeşlərin əksəriyyəti günahı klub rəhbərliyində görür. Sorğuda iştirak edən respondentlər “ağ-qaralar”ın peşəkar səviyyədə idarə olunmadığını düşünür. Hətta “Neftçi”nin bu duruma düşməsində AFFA-nı təqsirkar bilənlər də olub.

Bir neçə oxucumuzun suala cavabını təqdim edirik.

Şahin Kərimov: “Bu gün bir klubun akademiyası, şəxsi stadionu və bazası yoxdursa, büdcəyə ayrılan pullar səriştəsiz legionerlər üçün xərclənəcək, mövsümün sonuna qədər talanacaqsa, pullar şəffaf şəkildə kommersiya xətti ilə artmayacaqsa, bu klubun sonu uçurumdur. Ölkə futbolunun problemi təkcə “Neftçi” deyil. Bütün komandaların maliyyəsi futbol qurumundan asılıdır. Belə hal nə klubları, nə də futbolumuzu inkişaf etdirər. Klubları paytaxtda toplayıb çempionat keçirəndə hansı inkişafdan danışaq? Hər rayonun peşəkar komandası olmalıdır. Yüksək liqada olanlara bir az çox, I divizion iştirakçılarına orta, II liqa komandalarına nisbətən az məbləğdə dotasiya verilməlidir ki, yaşasınlar. Bundan əlavə, kim özünə sponsor taparsa, daha iddialı olar”.

Tosu Nuri: “Günah rəhbərlikdədir. “Nefçi”də heç bir iş düz getmir. Düzgün oyunçu seçimi yox, düzgün taktiki oyun yox. Müdafiə sıfır vəziyyətindədir”.

Vüqar Qazixanov: “Problem güclü rəhbərin olmamasındadır. “Neftçi”yə layiq, sözünü deyən müstəqil rəhbər olsa, baş məşqçi sonuncu problem olar”.

Elvin Əhəd: “Uğursuzluğun ən böyük iki səbəbi var: əsas qeyri-ciddi idarəçilikdir - rəhbərlik-məşqçilər korpusu-futbolçular arasında rabitə, demək olar ki, yoxdur. İkincisi isə baş məşqçi. Daha doğrusu, Samir Abasovun yayda giley-güzar, şikayət etdiyi kimi, rəhbərliyin transferlərə vaxtında şərait yaratmaması və baş məşqçinin sonradan transfer xətrinə transferlər edib, özünü pis vəziyyətə qoyması”.

Qasım Səfərov: “Problem AFFA-dan qaynaqlanır. Kamran (“Neftçi”nin prezidenti Kamran Quliyev nəzərdə tutulur) AFFA-nın təyin etdiyi adamdır. Onların “Neftçi”ni görən gözləri yoxdur. Ona görə səviyyəli oyunçular alınmır, yaxşı məşqçi gətirilmir”.

Cabbar Əzizov: “Samir Abasov harada tullantı futbolçular var, yığıb. “Qəbələ”nin az büdcə ilə oyununa baxın. Ötən mövsüm son turda qol vuran oyunçunu göndərdilər, harada yaşlı hücumçular var, gətirdilər. “Keşlə”yə göndərdikləri Rəhman Hacıyev, Turan Vəlizadə, “Qarabağ”da olan Emil Balayev kimi futbolçuları oynatmaq lazımdır”. 

Xeyrulla Həsənov: “Neftçi”də peşəkarlar çalışmır, klub həvəskar səviyyədə idarə olunur”.

Nail Ağazadə: “Gətirilən 7 əcnəbinin məsuliyyətini Samir Abasov daşıyır. “Qarabağ”a məğlubiyyətdən sonra dedi ki, yerli oyunçularımız zəifdir. Halbuki yanında otuzdurduğu 6-7 əcnəbinin yerinə Təmkin Xəlilzadə, Rəhim Sadıxov, Ağabala Ramazanovu gətizdirə bilərdi. Amma özü istəməyib. Sonra da deyir ki, yerlilər zəifdir. Bu sözlərindən sonra o uşaqları oyuna necə kökləyə bilərsən? Bu da Samirin hələ də qeyri-peşəkar olduğunun göstəricisidir”.

Heydər Rəsulzadə: “Ən böyük günahkar idarəçilik və klub rəhbərliyidir. Vaxtında edilməyən transferlərə görə rəhbərlik cavabdehdir. Transferlər gələndən sonra dərhal oyuna çıxdılar, normal məşq keçmədilər. Digər tərəfdən komanda üç oyunun ikisində geridönüşlə uduzursa, deməli, “torbada pişik” var”.

Gündüz Qasımov: “AFFA-nın əli hansı komandaya çatır, hərəsi bir cür bədbəxt olur”.

Vəli Nəcəfzadə: “Neftçi”, “Qarabağ” və milli sınaq meydanı deyil. Bu komandalara yoldan keçənləri baş məşqçi təyin etmək milyonların əsəbi ilə oynamaq deməkdir”.

Rom Roman: “Neftçi”nin belə vəziyyətdə olmasına görə baş məşqçi yox, klub prezidenti günahkardır. Baş məşqçinin bəyəndiyi oyunçunu rəhbərlik almayanda, əlbəttə ki, klub istənilən səviyyədə ola bilməz. “Qarabağ”da baş məşqçi Qurban Qurbanov hansısa oyunçunu bəyənirsə, rəhbərlik də onu almağa çalışır. Amma “Neftçi”də belə şeylər çox azdır. İndiki dönəmdə Azərbaycanda yox, Qafqazda ən yaxşı komanda “Qarabağ” və “Neftçi” olmalıdır. Təəssüf ki, “Neftçi” heç avrokuboklarda iştirak etmir”.

İlham Həsənov: “Səviyyəli futbolçu səviyyəli komandada oynayır, “Neftçi”də yox! Komandanın bu vəziyyətinə görə həm rəhbərlik, həm də Samir günahkardır”.