11:35 25-11-2021
news_image
56
FUTBOL

Çempionlar Liqası: Son tur ərəfəsində adından söz etdirənlər - STATİSTİKA

Çempionlar Liqasında dünən keçirilən oyunlarla qrup mərhələsinin V turuna yekun vurulub.

Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) baş tutan qarşılaşmalardan sonra diqqət çəkən rekordları və statistik göstəriciləri təqdim edib.

- “Beşiktaş”la (2:1) görüşdə dubl edən “Ayaks”ın hücumçusu Sebastyen Aller Çempionlar Liqası tarixində ilk 5 oyunun hamısında qol vuran 4-cü oyunçu olub. Ona qədər Alessandro Del Pyero (1995), Dieqo Kosta (2014) və Erlinq Haland (2019) bunu bacarıb.

- Turnir tarixində heç bir futbolçu ÇL-dəki debütünü bu qədər məhsuldar etməyib - 5 oyunda 9 qol. Yalnız Haland ilk 5 matçında 8 qol vura bilib.

- İlk dəfə eyni mövsümdə qrup mərhələsinin ilk 5 turunun hər birində 3 futbolçu fərqlənə bilib. Allerlə yanaşı, Robert Levandovski (“Bavariya”) və Kriştiano Ronaldo (“Mançester Yunayted”) da bütün görüşlərdə qol vurub.

- Aller Çempionlar Liqasındakı debüt mövsümündə 9 qol həddinə çatan 4-cü oyunçudur. Digərləri Simone İnzaqi (1999/2000 - 9 qol), Roberto Firmino (2017/18 - 10) və Sadio Manedir (2017/18 - 10).

- “Real” ilk dəfə ÇL-in bir matçında cərimə meydanı kənarından zərbələrlə 3 qol vurub (“Şerif” - 3:0). “Kral klubu” sonuncu dəfə 2016-cı il martın 5-də La Liqanın “Selta” ilə qarşılaşmasında bunu bacarıb.

- Donetsk “Şaxtyor”u ilə matçda dubl edən “İnter”in (2:0) hücumçusu Edin Dzeko avrokuboklarda qollarının sayını 50-yə çatdırıb. O, bütün Avropa turnirləri tarixində 50 və daha çox qol vuran 20-ci oyunçudur.

- “Brügge” ilə görüşdə iki dəfə fərqlənən “Leypsiq”in (5:0) oyunçusu Kristofer Nkunku ÇL-in qrup mərhələsində ən çox qol vuran fransalı futbolçu rekordunu ələ keçirib. O, 7 qol vuraraq, Tyerri Anri (1997/98), David Trezeqe (2001/02) və Ben Yedderə (2017/18) məxsus 6 qollu rekordu yeniləyib.

- PSJ-ni 2:1 hesabı ilə məğlub edən “Mançester Siti” ardıcıl beşinci dəfə qrup birinciliyini təmin edib. Buna qədər İngiltərə komandaları arasında yalnız “Mançester Yunayted” (2006/07 - 2010/11) bunu bacarıb.

- “Mançester Siti” ilə qarşılaşmada hesabı açan PSJ-nin hücumçusu Kilian Mbappe Çempionlar Liqasında səfərdə 20 qol vuran 11-ci oyunçu olub. Bunun üçün ona 23 səfər matçı kifayət edib. Mbappe ən az görüşdə 20 qola çatan futbolçudur.

- Kilian Mbappe bu turnirdə 50-ci oyununu ən gənc yaşda (22 yaş 339 gün) keçirən ikinci futbolçudur. O, yalnız Sesk Fabreqasdan (22 yaş 331 gün) geri qalır.

Qeyd edək ki, 5 turdan sonra “Bavariya”, “Yuventus”, “Ayaks”, “Liverpul”, “Mançester Yunayted”, “Çelsi”, “Real”, “İnter”, “Mançester Siti”, PSJ və “Sportinq” 1/8 final mərhələsinə vəsiqəni təmin edib. Yoluna davam edəcək digər 5 komandanın adına isə son turda aydınlıq gələcək.