20:28 25-11-2021
news_image
251
FUTBOL

Mən sənin üçün bütün kokainləri içərdim - SƏBUHİ MƏMMƏDLİ TANRIDAN YAZIR

1990-cı il 3 iyul. İtaliya, Neapol. Sonradan elə onun adıyla adlanacaq San-Paolo stadionuna yığışmış 60 min tamaşaçı nəfəs kəsən İtaliya-Argentina arasında keçiriləcək yarımfinal matçını izləyəcək. Oyun başlayar-başlamaz stadiona daxil olarkən gözü tiffozinin açdığı nəhəng pankarta sataşır. Hə, beləcə də yazılmışdı: “Maradona, biz səni sevirik, amma biz italiyalıyıq axı. İtaliyalılar bu pankartı təsadüfən asmamışdılar. Çünki o, 7 il bu şəhərdə bu stadionda, necə deyərlər, xarüqələr yaratmışdı. İki dəfə “Napoli”ni İtaliya çempionu etmişdi. Bir dəfə UEFA kubokunu qazandırmışdı. Burda onu Tanrı kimi sevirdilər. 

Amma onun Tanrıya çevrilməsinə hələ çox vardı. Hələ uzaq Argentinada, Lanusda səhər açılmamışdı. Təqvimdə 1960-cı il, oktyabrın 30-u idi. Səhər tezdən, 5 radələrində dəyirmançı don Dieqonun xanımı Dalma Salvadora Frankonu qəfil tutan sancılarla yerli xəstəxanaya çatdırırlar. Dalma Franko sonradan deyəcəkdi: “Onu demək olar ki, ağrısız dünyaya gətirdim. Tanrıdan yeganə istəyim isə onun da o biri övladlarım kimi sağlam doğulması idi”.

Don Dieqo və Dalmanın ailəsində artıq 4 qız vardı:  Rita, Ana, Elza və  Mariya. O, ailənin beşinci övladı idi. Sonradan onun daha iki qardaşı Uqo və Raul da dünyaya göz açacaqdı. Çox sonra isə gələcəyin əfsanəsi deyəcəkdi: “Atam dəyirmançı işləyirdi. O, daim işdən yorğun qayıdırdı. Dəyirmana dəni, demək olar ki, sutka boyunca gətirirdilər. Amma günorta nahar edəndən sonra əlimdən tutaraq, məni kluba aparırdı”.

Anası xatırlayır ki, Dieqo 10 aylığında yeriməyə başlayıb. 7 yaşındaykən xalası oğlu Beto həyatında ona ilk topunu bağışlayıb. Uşaq o qədər xoşbəxt imiş ki, gecələr belə topu başının altına qoyub yatarmış. Səhər isə küçəyə çıxıb qürrələnərmiş, topu həmyaşıdlarına göstərib acıq verərmiş. 

Maradona 8 yaşı olanda özündən iki yaş böyük Qoya Karriso onu özüylə birgə “Argentinos Xuniors”un uşaq qrupuna aparır. Gələcəyin ulduzunu isə bu klubun skautu Fransisko Kornexi kəşf edir. Məhz kəşf. Doğrudan da əsil astronom istedadıyla böyük bir ulduz, planet kəşf etmişdi Kornexi. 

Bundan sonrasını bilirsiz. Adıgedən klubda başgicəlləndirən karyera. Üzü yığmaya doğru gedən yol. Bir maraqlı fakt bu arada. Maradona Argentina millisində gənclər yığmasından daha tez, 16 yaşında debüt edib. Yığmadan söz düşmüşkən, 1978-ci ildə  Argentina yığmasının baş məşqçisi Sesar Luis Menotti onu, futbol diliylə desək, ofsaydda qoydu. Deyilənə görə, Menotti bunu o vaxt Argentina yığmasının birmənalı şəkildə lideri sayılan Daniel Pasarellanın tələbiylə etmişdi. Taleyin işinə bax, üstündən  8 il keçəcək, Argentina yığmasının lideri rolunda o çıxış edəcəkdi. Və Pasarellaya yığmanın qapılarını o tərəfdən örtməsini deyəcəkdi. 

O, 1982-ci ildə o dövr üçün rekord məbləğə - 12 milyon dollara İspaniya "Barselona"sına transfer edilib. İki il sonra İtaliya “Napoli”sinə keçib. Hə, bir dənə də maraqlı fakt. Deməli, İtaliyanın PlayRatings şirkətinin hesablamalarına görə, əgər Maradona indi oynasaydı, onun transfer qiyməti 350 milyon avrodan çox təşkil edə bilərdi. 

1991-ci ildə Maradonanın qanında kokain aşkarlanır, 15 aylıq diskvalifikasiya edilir və bir daha “Napoli”də çıxış etmir. Sonralar dopinq və kokain bəlası onu ağuşuna alacaqdı. O, 1994-cü il dünya çempionatında yenə qadağan olunmuş dərman preparatı qəbul etdiyi üçün bu dəfə il yarım müddətinə futboldan kənarlaşdırılır.

Bir dəfə fanatlarından biri onun haqqında belə demişdi: “Maradonaya ziyan vurmasın deyə, dünyadakı bütün kokainləri içərdim”. 

1986-cı ildə Argentina yığmasının qızıl medal qazandığı dünya çempionatında onun İngiltərə yığmasının qapısından əli ilə keçirdiyi top uzun müddət müzakirə mövzusu oldu. Hakimin hesaba aldığı topu “Tanrının əli” vasitəsilə qapıdan keçirdiyini bildirmişdi. Amma yox, o, özü elə Tanrıydı, futbol tanrısı. 

20-ci əsrin ən yaxşı futbolçusu seçilmişdi. Peleylə bir qalmaqalı da elə bu məqamla bağlı idi.  O, təntənəli mərasimdə öz mükafatını aldıqdan sonra Pelenin təltif olunmasını gözləmədən zalı tərk etmişdi. Ertəsi gün verdiyi açıqlamada yalnız özünü dünyanın ən yaxşı futbolçusu hesab etdiyi üçün belə addım atdığını bildirmişdi. 

Pelenin də ona münasibəti isti deyildi. Hə, lap yaddan çıxmışdı, bunu deyək, Peleyə qayıdarıq. 2005-ci ildə Maradona Argentina televiziyasında tok-şounun aparıcısı olub. Onun ilk qonaq seçimi təəccübləndirib: Studiyada Maradonanın futboldakı əsas rəqibi Pele peyda olub. 

Maradonanın ölümündən 7 gün sonra Pele onun haqqında belə deyəcəkdi:

“Bu gün sənin yoxluğundan yeddi gün keçib. Çox adam bizi ömrü boyu müqayisə etməyi sevərdi. Sən dünyanı ovsunlayan dahi idin. Əsl əfsanə. Ancaq mənim üçün hər şeydən əvvəl sən həmişə böyük ürəyə sahib, böyük dost qalacaqsan. Bir-birimizi daha az müqayisə edib, bir-birimizə heyran olmağa başlasaydıq, dünya daha yaxşı olardı. Sənin bizdən tez ayrılmağın mənə bunu sənə deməyə imkan vermədi. İndi isə deyəcəyəm: Səni sevirəm, Dieqo. Böyük dostum, bir gün cənnətdə birlikdə eyni komandada oynayacağıq”.

Hə, bu böyüklük idi… 

Maradonanın statistik göstəriciləri, klub və yığma karyerası, hətta ailəsi haqda o qədər yazılıb ki. Hələ çəkilən saysız-hesabsız filmləri demirəm. Onun böyüklüyünü isə ən dolğun başqa bir futbol əfsanəsi Mişel Platini belə ifadə edib: “Maradona məndən də, Zidandan da dahi futbolçudur. Çünki bizim topla etdiyimizi o portağalla da edə bilirdi".

***

Bu gün, düz bir əvvəl 60 yaşında dünyasını dəyişdi.

Maradonanın doğulduğu Villa Fiorito qəsəbəsində gecəqondular məhəlləsindəki evi Argentinada tarixi abidə kimi tanınıb. Bu barədə hətta ölkə prezidenti Alberto Fernandes fərman da imzalayıb.

İndi həmin ev, az qala müqəddəs ziyarətgəha çevrilib. Niyə də olmasın. Axı Tanrı evidir?

Səbuhi Məmmədli