00:00 26-11-2021
news_image
158
FUTBOL

Yığmamızın baş məşqçisi: “Bu cür məğlubiyyətlər futbolçulara mənfi təsir edir”

“Ardıcıl beş oyundur məğlub oluruq. Bu, heç də yaxşı hal deyil”. 

Apasport.az saytının məlumatına görə, bunu qadınlardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov deyib

O, DÇ-2023-ün seçmə mərhələsinin Rusiya ilə oyunu barədə fikirlərini açıqlayıb. Çalışdırıcı 0:4 hesablı məğlubiyyətin mənfi təsirindən danışıb: “Bu cür məğlubiyyətlər psixoloji cəhətdən futbolçulara mənfi təsir edir. Doğma meydanda keçirdiyimiz oyunda xal qazanıb “qara zolaq”dan çıxmaq istəyirdik. Bu cür komandalarla, rəqiblərlə oyunda minimum səhvlə oynamaq lazımdır. Bugünkü oyunda buraxdığımız səhvlərdən qollar buraxdıq. Artıq Rusiya ilə oyunu unudub Monteneqro ilə qarşılaşmaya diqqət ayırmalıyıq. Məqsədimiz xal və ya xallar qazanmaqdır”.
 
Rusiya milli komandasının baş məşqçisi Yuri Krasnojan yığmamızın taktikanı dəyişməsindən yararlandıqlarını bildirib: “İlk hissə bizim üçün daha yaxşı alındı. İkinci hissədə isə çoxlu əvəzetmələr etdik. İlk oyunla müqayisədə bu dəfə daha çox qol vura bildik. Bu, Azərbaycan millisinin taktikanı dəyişməsi ilə əlaqədardır. Rəqib daha çox hücum futbolu oynadı və müdafiədə boşluqlar buraxdı. Ona görə də hücumda işimiz bir qədər asan oldu”.