12:33 26-11-2021
news_image
75
FUTBOL

Mahir Məmmədov prezident seçilməsindən danışdı

Azərbaycan Şahmat Federasiyasının yeni prezidenti Mahir Məmmədov brifinq keçirib.

Bu gün baş tutan seçkilərdə qurum başçısı seçilən Məmmədov apasport.az saytının əməkdaşının da qatıldığı brifinqdə federasiyanın gələcək planları barədə danışıb.

O, jurnalistlərə açıqlamasında bunları deyib: "Yığıncağın və konfransın gündəliyinə görə, rəhbər orqanlar seçildi. Sonda son Avropa çempionatında çıxış etmiş qadınlardan ibarət milli komanda mükafatlandırıldı. Prezident vəzifəsi də mənə etimad göstərildi. Faiq Həsənov vitse-prezident oldu. İkinci vitse-prezident isə Seymur Talıbov oldu".

- Qarşıdakı dövrlərdə əsas hədəflər nələr olacaq?
- Federasiyanın uğurları çoxdur. Elman Rüstəmovun rəhbərliyi dövründə böyük uğurlar qazanılıb. Bu səviyyəni qorumaq və daha da artırmaq həddən artıq çətindir. Prezidentimiz cənab İlham Əliyev dəfələrlə şahmatın vacibliyini ictimaiyyətə bildirib. İlk növbədə təşkilatlandırma işini daha mükəmməl qurmalıyıq. Yeni nizamnamə buna əsas verəcək. Yeni nizamnamə canlı materialdır. Gənclər və idman şahmatına böyük fikir verməliyik, onların şahmat təcrübəsinə və peşəkar şahmata keçidinə təkan verməliyik. Şahmat məktəblərinin işinə Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyi ilə birlikdə yenidən baxmalıyıq. Yığma komandaların yarışlardakı işinin daha da təşkilatlanmasına önəm verəcəyik. Yığmaya alternativ komanda işinə diqqət yetirməliyik ki, onlar da daim hazır olsunlar. Şahmatçıların fərdi inkişafı da vacibdir. Maddi-texniki bazamız çox zəifdir. Bu məqamı nəzərə alaraq, qüsurları aradan qaldırmalıyıq. Naxçıvan Şahmat Federasiyası bu mənada nümunə olmalıdır.

- Elman Rüstəmov həmişə deyirdi ki, məqsədimiz dünya şahmat tacını Bakıya gətirməkdir. Bunu sizin üçün də hədəf saymaq olar?
- Bu hədəf hər zaman qüvvədə qalır. Elman müəllim də yığıncağa hərarətli sözlərini göndərib, bizə uğurlar arzulayıb. Şahmat tacının qaytarılmasına mühüm vəzifə kimi baxırıq. Teymur Rəcəbov 2022-ci ildəki İddiaçılar turnirinə vəsiqə qazanıb. 8 iddiaçıdan 6-sı məlumdur. Teymurun həmin turnirə hazırlığı da federasiyanın məqsədlərindən biridir. Onun yeri hələ müəyyən olunmayıb.