15:17 02-12-2021
news_image
417
FUTBOL

Kamran Quliyev: “Bizə təbrik düşmür”

“Səbail” üzərində qələbəyə görə bizə təbrik düşmür. Çünki özümüz bu vəziyyətə düşdük. Son matçda isə mütləq 3 xal qazanmalı idik”.

Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin prezidenti Kamran Quliyev CBC Sport kanalında “Start” verilişinin qonağı olarkən deyib.

Premyer Liqanın XII turunda “Səbail” üzərində 1:0 hesablı qələbə qazanan “Neftçi” bununla ardıcıl 3 oyunluq məğlubiyyət seriyasına son qoyub. Quliyev, xüsusən də, IX turda “Qarabağ”a 0:4 hesablı yenilgini ağır nəticə sayıb: “Qarabağ”la oyun bir faciə idi. Matçın əvvəlində yaxşı epizodumuz oldu, Emin Mahmudov öz bacardığı formada zərbə vura bilsəydi, oyun tam başqa məcrada keçərdi. Ondan sonra “Qarabağ” bizim səhvlərimizdən yararlandı. Bu səviyyədə matçlarda səhvlər bağışlanılmır. Bu qarşılaşma bizim üçün faciə idi. Başqa ad qoya bilmirəm. Epizodlara baxanda adam heyfsilənir, futbolçular lazımsız yerə toplar itirdilər. “Keşlə” ilə görüşə də yaxşı başladıq, iki qol vurduq. Amma səhvlər ucbatından acınacaqlı şəkildə özümüz oyunu əldən verdik. “Keşlə” və “Sabah”la oyunlarda itirilən 6 xal çempionluq yolunda bizə böyük zərbədir. Bu da arxayınlığın nəticəsi idi. Çünki hər iki görüşdə birinci hissə tam bizim üstünlüyümüzlə keçdi. Çempionluq uğrunda vuruşan komandanın belə faciələri olmamalıdır”.

Klub rəhbəri “Səbail”lə matçdan sonra müdafiəçiləri Mamadu Mbodjun rəqibin qapıçısı Kamran Ağayevlə yaşadığı insidentə də toxunub: “Xırda insident hər matçda baş verə bilər. Həmin hadisədən sonra Emin Mahdmudov Kamrana yaxınlaşmışdı. Öz aralarında hansısa söhbətin olacağına inanmıram. Heç kimin qəsdən zədələmək fikri yox idi. Mbodj həmin anda öz qapısına tərəf qaçırdı. Feyr-pleyi və futbolçular arasında hörməti yaddan çıxarmaq olmaz. Hər ikisi təcrübəli oyunçudur. Bu hadisə yəqin elə meydançada da qalıb”.