23:08 02-12-2021
news_image
306
FUTBOL

8 ildən sonra təkrarlanan səhv

Canni de Byazi Azərbaycan millisinin baş məşqçisi kimi postunda saxlanılan ikinci əcnəbi mütəxəssis olub.

Apasport.az saytının məlumatına görə, italiyalı çalışdırıcı AFFA İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında yeni müqavilə imzalamaqla bunu bacarıb.

De Byaziyə qədər Karlos Alberto Torres, Berti Foqts, Robert Prosineçki və Nikola Yurçeviç əcnəbi məşqçi kimi millimizə rəhbərlik edib. 2007-ci ildə müvəqqəti bu işi icra edən Qyoko Haciyevski isə cəmi 2 görüşdə komandanı meydana çıxarıb.

Əcnəbilər arasında yığmada ən uzun müddət qalmağı bacaran məşqçi Foqtsdur. Almaniyalı 2008-2014-cü illərdə komandamıza rəhbərlik edib. AFFA sonuncu dəfə 2013-cü il dekabrın 18-də onunla yeni 2 illik müqavilə imzalamışdı. Doğrudur, dünya və Avropa çempionu cəmi bir il postunda qalıb, 2014-cü ilin oktyabrın 17-də vəzifəsindən istefa verib.

Həmin vaxtdan bəri nə Prosineçki, nə də Yurçeviç yığmamızda ikinci dönəmini görə bilib. Uğursuz çıxışa rəğmən 2008-2014-cü illərdə Foqtsla əməkdaşlıq edən AFFA rəhbərliyi əcnəbi mütəxəssislə yeni sözləşmə bağlama səhvini 8 ildən sonra təkrarlayıb. Canni de Byazinin yeni müqaviləsi 2022-ci ilin oktyabrına kimi nəzərdə tutulub.

Qeyd edək ki, de Byazi ötən il iyulun 10-da Azərbaycan millisinin baş məşqçisi təyin olunub.