17:22 02-12-2021
news_image
352
FUTBOL

De Byaziyə 3-cü şans – milli tarixinin üçüncüsü

Azərbaycan millisi Canni de Byazi ilə üçüncü dəfə böyük turnirdə final mərhələsi üçün mübarizə aparacaq. 

Apasport.az saytının məlumatına görə, bu barədə qərarı AFFA verib.

Assosiasiya Millətlər Liqasının 2022/23 mövsümünü italiyalı mütəxəssislə keçirməyi məqsədəuyğun sayıb. De Byazinin əvvəlki iki sınaqdakı işindən razı qalan qurum ona uğur qazanmaq üçün 3-cü sınaqdan üzüağ çıxmaq şansı verib.

Yığmamız daha öncə Millətlər Liqasının 2021/22 və DÇ-2022-in seçmə mərhələsində də onun rəhbərliyi altında mübarizə aparıb. Nəticələr ürəkaçan olmasa da, de Byazinin postunda qalması üçün yetərli olub.

O, millinin tarixinə yığmaya ən azı 3 tsikldə rəhbərlik edən 3-cü mütəxəssis kimi düşəcək. Buna nail olan ilk baş məşqçi Vaqif Sadıqov olub. O, 4 fərqli tsikldə yığmanın sükanı arxasında olub. Lakin AFFA-nın indiki vitse-prezidenti heç bir tsikli əvvəldən sonunadək postunda qalmayıb.

4 tsikldə yığmada çalışan ikinci mütəxəssis Berti Foqts olub. Sadıqovdan fərqli almaniyalı fasiləsiz postunda qalıb və üç seçmə mərhələni əvvəldən sonadək çalışıb.

Millidəki turnir baxımından yalnız onlardan geri qalan de Byazi hərəyə iki tiskl görən cütlüyü arxada qoyub. Kazbek Tuayevlə Robert Prosineçkinin iki dəfə seçmə mərhələdə uğur qazanmaq şansı olub.

Ən azı iki turnir görən məşqçilər
1-2. Berti Foqts (Almaniya) – 4 (DÇ-2010, AVRO-2012, DÇ-2014, AVRO-2016)
1-2. Vaqif Sadıqov – 4 (DÇ-1998, AVRO-2000, AVRO-2004, DÇ-2006)
3. Canni de Byazi (İtaliya) – 3 (ML-2021, DÇ-2022, ML-2023)
4-5. Robert Prosineçki (Xorvatiya) – 2 (AVRO-2016, DÇ-2018)
4-5. Kazbek Tuayev – 2 (AVRO-1996, DÇ-2018)

Qeyd edək ki, yığmamız indiyədək 7 dəfə dünya, 7 dəfə Avropa çempionatının seçmə mərhələsində, 2 dəfə Millətlər Liqasında mübarizə aparıb. Qarşıdakı Millətlər Liqası 17-ci sınaq olacaq.