11:23 03-12-2021
news_image

Elnur Məmmədli: “Fərid Qayıbovun dünyaya baxışı tam başqadır”

“Gənclər və idman naziri Fərid Qayıbovun idman sahəsində böyük təcrübəsi var”.

Bunu apasport.az saytına Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli Gənclər və idman naziri Fərid Qayıbovun bu vəzifəyə təyinatına münasibət bildirərkən deyib.

Olimpiya çempionu gənc funksionerin idmanı yaxşı bilməsinin gələcəkdə böyük köməyinin dəyəcəyini düşünür: “Fərid müəllim eyni zamanda Avropa Gimnastikasının rəhbəridir. Azərbaycanda da gimnastika yüksək səviyyədə inkişaf edir, idmançılarımız medallar qazanır. Hamımız nazirimizə inanırıq və daim kömək eləməyə hazırıq. Ən əsası odur ki, idmandan böyük anlayışı var. Gəncdir, enerjilidir, dünyaya baxışı tam başqadır. Bunların hamısı böyük şərtdir. Onunla birlikdə uğurlarımız hələ qarşıdadır. Olimpiya çempionu kimi həmişə onun yanındayam”.

Məmmədli onu da əlavə edib ki, Fərid Qayıbov fəaliyyətə sürətli başlayıb: “Fərid müəllim nazir postuna gələn kimi, işlər dərhal sürətlə inkişaf eləməyə başladı. Təbii ki, onun da öz planları var. Gördüyünüz kimi, bir çox dəyişikliklər olur. İdmanda inkişafın təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Onun davamçısı olan cənab Prezident İlham Əliyev də Azərbaycanda idmanın daha da inkişafı üçün əlindən gələni edir. Bizlər də bu yolda bacarığımızı ortaya qoymalıyıq”.