15:53 07-12-2021
news_image
486
DİGƏR NÖVLƏR

Mariana Vasileva: “Azərbaycanca sərbəst danışa bilirəm”

“Hələ 2008-ci ildə Azərbaycan Gimnastika Federasiyasının baş katibindən təklif aldım ki, Pekin Olimpiya Oyunlarına vəsiqə qazanan yığmaya iki hərəkətdən birində təlim keçim”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan gənclər və idman nazirinin müavini Mariana Vasileva deyib.

Bolqarıstanlı mütəxəssis vətənində verdiyi müsahibədə ölkəmizə gəlişi barədə danışıb: “Mən yanvarın 20-də gəldim. Bu, mənim ikinci səfərim idi. Çünki 2007-ci ildə Bolqarıstan yığması ilə Bakıdakı Avropa çempionatında Rusiyadan sonra 2-ci yeri tutmuşduq. Qızlarla yeddi günlük hazırlıqdan sonra mənə qalmaq və yığma ilə işimi davam etdirmək, komandanı Olimpiadaya aparmaq təklif olundu”.

Vasileva qərarını necə verdiyini də xatırlayıb: “İmtina üçün bir neçə səbəb var idi. Ən əsası o idi ki, heç vaxt ölkə xaricində çalışmağa can atmamışam. Bundan başqa, iki yetirməm Bolqarıstan yığmasında idi və Turindəki Avropa çempionatına hazırlaşırdılar. Mən hələ “Levski” gimnastika klubunda çalışırdım. Bütün bunlara görə imtina etdim. Bir həftə sonra məlumat aldım ki, Azərbaycan yığması Sofiyaya gəlmək və Olimpiadaya hazırlaşmaq istəyindədir. Biz işləməyə belə “Levski”nin idman zalında başladıq. Eyni vaxtda və paralel Azərbaycan yığması və öz qızlarımızla çalışırdım. Biz Avropa çempionatında güclü komanda kimi çıxış etdik. Azərbaycan ansamblı iki hərəkətdə finala çıxdı və bunun birində 5-ci oldu. Olimpiadada uğurlu çıxış, final və çoxnövçülükdə 7-ci yeri tutduq”.

Nazir müavini ölkəmizə gəlməyə razılıq verməsindən də danışıb: “Azərbaycana getmək və bütün milli komanda ilə çalışmaq təklifi gəldi. Bütün yığma ifadəsi güclü çıxır. Pekin Olimpiadası zamanı cəmi 5 qız hazırlaşırdı. Mən imtina etdim. Amma üç ay sonra razılaşdım və ailəmlə bura gəldim. Adaptasiya asan keçmədi. İlk 3-4 ildə daim Bolqarıstana qayıtmaq istəyirdim. Amma həyatda elə anlar olur ki, başqa yerdə daha faydalı olacağını başa düşürsən”.

Vasileva ölkəmizdəki həyat və iş tərzindən də danışıb: “Çox dinamik keçir. İş, ev, ailə, dostlar, nəticələr, mübarizə. Hər birimiz çox çalışmalıyıq.  Vəziyyətə, dəyişikliklərə tez uyğunlaşmalıyıq. Görürsünüz, pandemiya bizi tam fərqli şəraitdə işləməyə də məcbur etdi”.

Nazir müavini artıq Azərbaycan dilində danışa bildiyini də gizlətməyib: “Azərbaycana gələnədək yalnız bolqar dilini bilirdim. Əlbəttə, bu fəxr olunası məqam deyil. Amma indi cəsarətlə deyə bilərəm ki, rusca, ingiliscə və azərbaycanca sərbəst danışa bilirəm. Bəli, bu asan deyil. Qrammatika çətindir. Bolqar dilinə heç bir yaxınlığı yoxdur. Əlifbaların özü də biri kiril, digəri latıncadır. Amma düşünürəm ki, məndə hər şey yaxşıdır. Əlbəttə ki, bu indiki post mənə daha yaxşı danışmağa kömək edəcək. Çünki bir çox sənədlərlə işim olacaq. Danışıqların çox azərbaycanca olacaq”.

Funksioner ölkəmizdəki yeganə bolqarıstanlı olmadığını da bildirib: “Bəli, burada bolqarlar çoxdur. 2008-ci ildə bir bura gələndə tez-tez Bakıda bütün bolqarların yığıncağını keçirirdik. Azərbaycan müxtəlif ölkələrdən, müxtəlif millətlər və müxtəlif dinlərdən olan mütəxəssislərin çalışdığı ölkədir və yaxşıdır ki, özünüzü burada azad və dildən, irqdən, dindən asılı olmayaraq qəbul edilmiş kimi hiss edirsən. İdmanda da bolqar mütəxəssislər çoxdur, hətta Azərbaycanın şərəfini qoruyan bolqar idmançılar da var”.

Vasileva vətəni üçün darıxdığını da etiraf edib: “Bolqarıstan və Azərbaycan çox bənzərdir, insanlar, hətta təbiət də çox yaxındır. Yeganə fərq ondadır ki, burada külək çox güclüdür. Yəqin, siz eşitmisiz ki, Bakı küləklər şəhəridir. Əvvəl bir az çətinlik çəkdim. Amma insan uyğunlaşa bilir və xüsusilə də əgər özünə yer, kifayət qədər dost tapa bilirsə. Bundan başqa, mən Bolqarıstandakı dostlarımla əlaqəni də saxlayıram. Bolqarıstan üçün darıxmadığımı deməzdim. Darıxıram və həmişə sevinclə qayıdıram. Bolqarıstanda qohumlarım var. Ümid edirəm ki, onlar da mənim üçün darıxırlar. Bolqarısan həmişə öz hüquqları üçün mübarizə aparan güclü xalqa malikdir”.

Nazir müavini başqa ölkədə idman və siyasət aləminə necə düşməsinə də aydınlıq gətirib: “İdman Azərbaycanda dövlət siyasətidir. Bizim prezidentimiz İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidentidir. Bizim vitse-prezidentimiz gimnastika federasiyasının prezidentidir. Bu aydın göstərir ki, idman və dövlət, siyasət yox, dövlət bir yerdə getməlidir. Sağlam insanların olması üçün idmanla məşğul olmalıdırlar. Bolqarıstan da eyni yolla gedib və getməkdə davam edir. Belə də olmalıdır. Beynəlxalq Gimnastika Federasiyasına İngiltərədə keçirilən son seçkilər göstərdi ki, təəssüflər olsun idman siyasətdir. Çox istəyərdim ki, idman siyasət olmasın. İdmançılar və idman menecerləri, buna layiq olan insanlar qalib olsunlar. Öz ölkəsinə və dünyaya idman və uşaqlar üçün ən yaxısını verməyə hazır olanlar”.

Vasileva Neşka Robeva ilə münasibətlərindən də danışıb: “Bəli, onunla əlaqələrimizi saxlayırıq. Mənim üçün fəxrdir. Bolqarıstanda 13 ildir olmasam da, bu dahi qadını unuda bilmərəm. Şadam ki, o da məni unutmur. O, məni nazir müavini olmağım münasibətilə ilk təbrik edənlərdən biridir. Mən çox şeyi ondan öyrənmişəm. Azərbaycanda məni tanıyan hər kəs Neşka Robevanı da qiyabi tanıyır. Mən ondan çox xahiş etmişəm ki, bura gəlsin məşqçilərim, idmançılarımla söhbətlər etsin. O, bilik və təcrübəsi ilə çox faydalı ola bilər. Robeva mədəniyyət və idman sahəsində dahidir. Ötən həftə söz verdi ki, əlindən gələni edəcək. Amma bunu bir neçə ildir söz verir. O, möhtəşəm insan, vətənpərvər, Bolqarıstan üçün ən yaxşısını arzulayan birisidir. Ona çox şeyə görə minnətdaram”.

Vasileva yenidən Bolqarıstana qayıtmaq, məşqçi və ya idman naziri çalışmaq ehtimalına da münasibət bildirib: “Kimsə istəyir ki, mən qayıdım? Şəxsi istəklər anı çatır. Biz çox şey istəyə bilərik, amma biz onlara lazımıqmı? Biz həmişə özümüzə bu sualı verməliyik. Əgər mən Bolqarıstana faydalı ola bilərəmsə, həmişə hazıram. Məşqçi kimi qayıda bilərəmmi? Hesab edirəm ki, biz həmişə yerimizi gənclərə verməliyik. Bolqarıstanda çox sayda yaxşı gənc mütəxəssislər var. Biz – orta və yaşlı nəsil onlara yalnız inkişafda kömək etməliyik. Onlarda bizdən öyrənmək istəməlidirlər. Məşqçiliyə qayıtmağım bir çox amillərdən asılıdır. Amma heç vaxt yox demirəm. Çünki növbəti addımımızın necə olacağını, Allahın bizim üçün hansı yol seçdiyini heç vaxt bilmirik”.