11:23 12-12-2021
news_image
735
AVRO-2020

AVRO-2020, Premyer Liqa, Eriksen... – ilin tələbləri

“Google” şirkətinin axtarış sistemi britaniyalı istifadəçilərin 2021-ci ildə ən çox tələb etdiyi mövzuları sıralayıb.

Apasport.az saytının məlumatına görə, insanlar həlledici oyunları Londonun “Uembli” stadionunda keçirilən AVRO-2020 barədə daha çox məlumat toplamağa çalışıb.

Maraqlıdır ki, Böyük Britaniyada bu il ərzində ən populyar ikinci sorğu İngiltərə Premyer Liqası olub. Koronavirus pandemiyası ilə bağlı məhdudiyyətlərə baxmayaraq, çempionata maraq azalmayıb.

İllik reytinqdə üçüncü yeri AVRO-2020-nin qrup mərhələsində Finlandiya ilə matçda infarkt keçirən Danimarka millisinin futbolçusu Kristian Eriksen tutub. Həmçinin Danimarka ilə İngiltərə arasında baş tutan yarımfinal qarşılaşması da ən populyar “10-luq”da yer alıb.

Müqayisə üçün əlavə edək ki, “Google”da 2020-ci ildə ən çox axtarış verilən söz “koronavirus” olub.

Qeyd edək ki, İtaliyanın çempionluğu ilə nəticələnən AVRO-2020-nin qrup mərhələsinin 3, 1/4 finalın isə 1 oyunu Bakı Olimpiya Stadionunda keçirilib.