19:04 08-12-2021
news_image
201
DİGƏR NÖVLƏR

Taleh Ziyadov: "Badminton Azərbaycanda çox tanınmasa belə, potensialı var"

Azərbaycan Badminton Federasiyasının hesabat-seçki konfransından sonra brifinq keçirilib.

Apasport.az saytının məlumatına görə, quruma yeni prezident seçilən Taleh Ziyadov jurnalistlər önünə çıxıb.

O, Gənclər və İdman Nazirliyində baş tutan tədbirdə fikirlərini bölüşüb: “Bu gün mənə etimad göstərildi. Böyük etimada görə hər kəsə təşəkkür edirəm. Bu idman növü Azərbaycanda çox tanınmasa belə, potensialı var. Həm gənclər, həm də yeniyetmələr bu idman növü ilə məşğul olmalıdır. Son 6 ildə böyük işlər aparılıb. Tokio-2020-də Azərbaycanı təmsil edən bir idmançımız iştirak etmişdi. Hər bir idman növündə idmançı yetişdirmək asan deyil. Tale elə gətirib ki, mən 11 yaşımdan bu idman növü ilə məşğul olmuşam. Yaxından tanıdığım üçün də xüsusilə uşaqlar üçün bu növün nə dərəcədə vacib olduğunu bilirəm. Azərbaycan regionlarında bu idman növünün, xüsusən də, qızlar arasında yayılması üçün səylər göstərəcəyəm. Ümid edirəm ki, həm Olimpiadada, həm də digər yarışlarda azərbaycanlı badmintonçuların iştirakı üçün çalışacağam”.

- Azərbaycanlı badmintonçusunun Olimpiadada iştirakını neçə ildən sonra təsəvvür edirsiniz?
- Uşaqları 11-12 yaşından yetişdirməlisiniz ki, onlar Olimpiadaya hazır olsun. Orada çıxış edən 1-2 azərbaycanlı ola bilər. Badminton bizim anlayışımızda əyləncə kimi nəzərdə tutulur. Amma çox dinamik və fiziki güc tələb edən növdür.

- Heç olmasa Los-Ancelesdəki Olimpiadada idmançılarımızın qatılmasına ümid etmək olar?
- Nəinki orada, ümid edirəm ki, həm Moskvada, həm İstanbulda iştirakını istəyirik. Los-Ancelesə ən azı bir idmançımızın getməsi ehtimalı böyükdür. Gəncləri idmana bağlı yetişdirmək lazımdır. Xüsusilə də, qızları idmana təşviq etmək vacibdir. Düşünmürəm ki, yalnız Olimpiadaya köklənmək lazımdır. Azərbaycan uşaqları bu idman növü ilə məşğul olsa, bu özü də sevindirici olar.