15:57 14-12-2021
news_image
315
STOLÜSTÜ OYUNLAR

Vüqar Həşimov Memorialı ilə bağlı iclas

Azərbaycanın tanınmış şahmatçısı, Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunan sayca 7-ci beynəlxalq şahmat turnirinin Təşkilat Komitəsinin iclası keçirilib.

Yarışın mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, Vüqar Həşimov Şahmat Akademiyasında təşkil olunan iclasdan əvvəl Təşkilat Komitəsinin üzvləri şahmatçının xatirəsinə yaradılan muzeylə tanış olublar.

İclasda Təşkilat Komitəsinin rəhbəri, Vüqar Həşimovun atası Qasım Həşimov, Təşkilat Komitəsinin üzvləri - Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov, turnirin baş hakimi Faiq Həsənov, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacı, Milli Məclisin üzvü Nigar Arpadarai, xalq yazıçısı Çingiz Abdullayev, olimpiya çempionu Fərid Mansurov, eləcə də turnirin direktoru Anar Allahverdiyev iştirak ediblər.

Yığıncaqda Qasım Həşimov turnirin keçirilməsi üçün yaradılan şəraitə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib. O, artıq 7-ci dəfə baş tutacaq Vüqar Həşimov Memorialının keçirilməsində ölkə rəhbərliyinin əvəzsiz rolunun olduğunu bildirib.

Qasım Həşimov tədbir iştirakçılarına məşhur qrossmeysterin qazandığı nailiyyətlərdən, Azərbaycan idmanına verdiyi töhfələrdən və peşəkar idmançıya məxsus keyfiyyətlərindən danışıb. Beş ildir Vüqar Həşimovun adına Şahmat Akademiyasının fəaliyyət göstərdiyini deyən Təşkilat Komitəsinin sədri artıq ikinci filialın qapılarının şahmatsevərlərin üzünə açıldığını deyib: “Akademiya uğurla fəaliyyət göstərir. Burada təcrübəli mütəxəssislər çalışır. Yetirmələrimiz beynəlxalq arenada ölkəmizi layiqincə təmsil edirlər”.

Təşkilati işlərdən danışan turnirin direktoru, əməkdar məşqçi Anar Allahverdiyev açılış mərasiminə hazırlıqdan, yarış zalının tərtibatından, şahmat həvəskarlarının diqqətinə turnirin rəsmi saytının təqdim olunduğu barədə məlumat verib. Anar Allahverdiyev yarışda iştirak edəcək şahmatçılarla mütəmadi danışıqlar aparıldığını və əcnəbi idmançıların ölkəmizə gəlmə tarixinin müəyyənləşdiyini söyləyib.

Çıxış edən Mahir Məmmədov turnirin yüksək səviyyədə təşkil olunacağına əmin olduqlarını bildirib. AŞF rəhbəri birillik fasilədən sonra Vüqar Həşimovun xatirəsinə ənənəvi super turnirin bərpa olunmasından məmnunluğunu ifadə edib: “Turnirin əksər iştirakçıları “Top-20”də yer alan şahmatçılardır. Bu da yarışın gərgin idman mübarizəsi şəraitində keçəcəyindən xəbər verir” deyə əlavə edib.

Rəhman Hacı, Nigar Arpadarai, Çingiz Abdullayev pandemiya şəraitinə baxmayaraq turnirin yaşaması üçün görülən işləri yüksək qiymətləndirib.

Rəhman Hacı Vüqar Həşimovu şəxsən tanıdığını söyləyib və turnirin növbəti illərdə Qarabağ torpaqlarında təşkil olunmasını təklif edib.

Nigar Arpadarai Vüqar Həşimov Şahmat Akademiyasında yaradılan şəraitin yeni nəsil şahmatçıların inkişafında mühüm rol oynayacağını vurğulayıb. 

Olimpiya çempionu Fərid Mansurov turnirin ənənəvi olaraq keçirilməsini Vüqar Həşimovun adının əbədiləşdirilməsi istiqamətində ən önəmli addım kimi dəyərləndirib.  

Tədbirdə yarışın hakimləri açıqlanıb. Baş hakim Faiq Həsənova Lütfiyar Rüstəmov və İlahə Qədimova kömək edəcəklər.
 
Qeyd edək ki, Təşkilat Komitəsinin üzvləri olan ikiqat paralimpiya çempionu İlham Zəkiyev və İctimai Televiziyanın baş direktoru Balaş Qasımov Bakıda olmadıqları üçün iclasda iştirak edə bilmədi. Memorialın açılış mərasimi dekabrın 18-də Fairmon Bakı otelində keçiriləcək.